Subaşiç 2-ci, Özkara 45-ci və ya Sadıqovun görmədiyi “5”
15.08.2012 - 18:55
Subaşiç 2-ci, Özkara 45-ci və ya Sadıqovun görmədiyi “5”
Azərbaycan millisinin Bəhreynlə qarşılaşması Branimir Subaşiç üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, “Xəzər Lənkəran”ın 30 yaşlı hücumçusu hesabı açmaqla, yığmada 7-ci qolunu vurub.

Bununla, millinin 20 illik tarixinin ən yaxşı bombardirləri siyahısında 2-ci pilləyə yüksələn Subaşiç bu göstəricidə Elvin Məmmədovla Vaqif Cavadova çatıb. Karyeralarını davam etdirməkdə olan bu “üçlük” hazırda “Qarabağ”ın baş məşqçisi olan Qurban Qurbanovdan geri qalır. Onun isə hesabında 14 qol var.

Branimirin qol vurduğu epizoda qədər isə komandamızın kapitanı Rəşad Sadıqov 11 metrlik cərimə zərbəsini qaçırmaqla yadda qaldı. 30 yaşlı müdafiəçi bu şansı qaçırmaqla, bombardirlər siyahısındakı mövqeyini yaxşılaşdırmaq imkanını də əldən verdi. Qol vuracağı halda, yığmada rəqib qapısından keçirdiyi topların sayını 5-ə çatdıracaq Sadıqov 6-cı pilləyə yüksələcəkdi. Belə ki, 14 qollu Qurbanov, 7 qol vuran “üçlük”dən başqa Zaur Tağızadə də 5-i arxada qoyub – 6 qol.

Kapitan qol vuracağı halda, 5 dəfə fərqlənən Fərrux İsmayılov, Nazim Süleymanov, Vidadi Rzayev, Vyaçeslav Lıçkinə çata bilərdi. Bu imkanı əldən verən Rəşad yığma karyerasında ilk dəfə 11 metrlik zərbəni boşa verdi. Bunadək vurduğu 4 qoldan birini penaltidən gerçəkləşdirən təcrübəli oyunçu 2-ci şansdan yararlana bilməyib.

Qeyd edək ki, Rəşad yeganə penaltisini Türkiyə yığması ilə 2006-cı il martın 12-də Bakıda keçirilən oyunda rəqib qapısından keçirmişdi.

Bəhreynin qapısına digər qolları vuran Cihan Özkara və Cavid Hüseynov isə millidə qol hesablarını açıblar. Yığmadakı 4-cü oyununda buna nail olan türkiyəli komandamızın tarixinə qol sevinci yaşayan 45-ci, milli təcrübəsi daha böyük olan Cavid isə 46-cı futbolçu kimi düşüb.