“Dəqiqələri sayırdıq ki, oyun tez qurtarsın”
15.08.2012 - 23:04
“Dəqiqələri sayırdıq ki, oyun tez qurtarsın”
Azərbaycan millisinin kapitanı Rəşad Sadıqovun apasport.az saytına müsahibəsi

- Bəhreyn yığmasına 3:0 hesabı ilə qalib gəldiyimiz oyunu necə dəyərləndirərdiniz?
- Çətin oldu. Çünki ağır şəraitlərdə oynayırdıq. Həm meydançanın vəziyyəti pis, həm də hava dəhşətli isti idi. Səhv eləmirəmsə, oyundan qabaq 43 dərəcə isti vardı. Yenə də futbolçularımız sağ olsunlar, axıra kimi çalışdılar ki, yaxşı oynasınlar. Qələbə qazanmaq üçün əllərindən gələni etdilər.

- Yəqin ki, karyeranızda belə istidə oynamamışdınız…
- Həyatım boyu belə havada oynamamışdım. Çünki artıq adam dözmürdü. II hissədə dəqiqələri sayırdıq ki, oyun tez qurtarsın.

- Bildiyimizə görə, yığmanın düşərgəsində olduğunuz müddətdə oruc tutmamısınız. Belə çıxır ki, oruc tutsaydınız, işiniz lap çətin olardı...
- Oruc tutsaydıq, oynamaq mümkün olmazdı. Əslində, bilmək olmaz ki, tutsaydıq, nə olardı, nə olmazdı. Amma aramızda oruc tutan yox idi.

- Penalti zərbənizi qapıçı qaytardı. Həmin epizodla bağlı nə deyə bilərsiniz?
- O epizodda gözlədim ki, qapıçı hansısa tərəfə addım atsın. O da məni gözlədi. Son anda sağ küncü seçdim. O da bunu taparaq, zərbəmi qaytardı.

- İlk dəfə idi ki, penaltini dəqiq yerinə yetirə bilməmisiniz...
- Milli karyeramda ilk dəfədir. Ancaq ümumiyyətlə, götürsək, bir dəfə olub. Hələ 2005-ci ildə “Neftçi”də oynadığım zamanı “İnter”lə ölkə kubokunun 1/4 final mərhələsində oyun sonrası penaltidə zərbəni dəqiq vura bilməmişdim. Yəni belə hallar olub.

- Bundan sonra penalti nöqtəsinə yaxınlaşmaq fikriniz var?
- Bəli. Niyə də olmasın?

- Penaltini vurarkən, topu sakitcə, birbaşa mərkəzə vurmaq ağlınıza gəldimi?
- Yox. Biri var ki, penaltini belə vurursan, zərbən dəqiq olmur. Biri də var ki, siz deyən şəkildə edirsən, ancaq zərbən qapıdan keçmir. Bunu etsən, onda bütün komandaya qarşı hörmətsizlik olur.

- Bu, millimizin növbəti seçmə mərhələ öncəsi sonuncu yoxlama oyunu idi. İndi komandamızı İsrail yığması ilə ilk rəsmi oyuna hazır sayırsınız?
- İsraillə oyun tam fərqli olacaq. Bunu özünüz də görəcəksiniz. Bu oyunla o oyun arasında yerlə göy arasında fərq olacaq. Həm biz başqa cür oynayacağıq, həm də rəqib ciddi olacaq.

- Bəhreynlə matçın saat 18:00-a salınmağı həm mətbuat, həm də baş məşqçi Berti Foqts tərəfindən normal qarşılanmadı. Bir millinin kapitanı kimi bununla bağlı sözünüzü dedinizmi?
- Bu məsələ bizlik deyil. Etiraz bildirsəydik də, heç nə dəyişməyəcəkdi. Təbii ki, belə vaxtda futbol oynamaq mümkün deyil. Həm də oyun vaxtı çox isti olduğundan, daha artıq əziyyət çəkirdik.

- Rəqibin oyununa necə qiymət verərdiniz? Onlarda sizə ən çox əziyyət verən futbolçu kim idi?
- İkinci hissədə 20 nömrəli hücumçuları meydana girdi. O, bir az sürətli idi və bizə çətinlik yaratmağa başladı. Özümüzə gəlincə, komanda şəklində daha yaxşı oynaya bilərdik. Təbii ki, bu, bizim maksimal oyunumuz deyil. Nəzərə alsaq ki, hələ bir neçə futbolçumuz tam heyətə qatılmamışdı, çempionatın əvvəlidir, inşallah, İsraillə oyunda tam fərqli komanda olacağımızı fikirləşirəm. Onda bundan da güclü oynayacağıq.

Mehman SÜLEYMANOV