Yubileylər və qırılan seriyalar
16.08.2012 - 11:51
Yubileylər və qırılan seriyalar
Azərbaycan millisinin Bəhreynlə oyunu əlamətdar məqamlarla yadda qalıb. Apasport.az saytının məlumatına görə, komandamız 3 qol vurmaqla, bir sıra yubileylər gerçəkləşdirib, bəzi seriyalar qırıb.

1-ci dəfə İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionuna çıxan millimizin bu arenada ilk qolunu Branimir Subaşiç vurdu.

5-ci dəfə böyük hesablı qələbə qazanan komandamız 20 illik tarixində növbəti darmadağını gerçəkləşdirdi.

25-ci dəfə Foqtsun rəhbərliyi altındakı yoxlama oyunlarında fərqlənməyimiz Cihan Özkaranın qolu ilə gerçəkləşdi. Bu matçadək yığmamız yoxlama oyunlarında 23 dəfə fərqlənmişdi.

40-cı dəfə millimiz Foqtsun rəhbərliyi altında fərqləndi. Bunadək 47 oyuna 37 qol vuran yığmamızın bu yubileyi Cavid Hüseynovdan gəldi.

80-ci məğlubiyyətsiz oyun. Yığmamız 20 ildə 187-ci matçda 80-ci dəfə uduzmadı: 34 qələbə və 46 heç-heçə.

90-cı dəfə yoxlama oyunlarında qol vurduq. Millimizin 99-cu belə oyunundakı son qolun müəllifi Özkara yubiley topunu ərəblərin qapısından keçirdi.

130-cu dəfə yığmamızın qol sevinci yaşaması Subaşiçin hesabı açması ilə rəsmiləşdi.

170 gündən sonra komandamız qol vurdu, qalib gəldi, darmadağın etdi. Sonuncu dəfə fevralın 27-də Hindistan 3:0 hesabı ilə məğlub edilmişdi.

310 dəqiqə qolsuz qalan millimiz bu həsrətə də Subaşiçin qolu ilə son qoydu.