“Axırıncı dəfə mollalarla oynamışam” - MÜSAHİBƏ
16.08.2012 - 14:00
“Axırıncı dəfə mollalarla oynamışam” - MÜSAHİBƏ
Azərbaycan millisinin qapıçısı Kamran Ağayevin apasport.az saytına müsahibəsi

- Millimizin Bəhreyn yığmasına qarşı oyununa necə qiymət verərdiniz?
- Bu haqda baş məşqçi mətbuat konfransında danışıb. Biz öhdəmizə düşəni, qələbə üçün əlimizdən gələni etdik. Millinin istənilən hər bir oyunu vacibdir. Çünki Azərbaycanı təmsil edirik və qələbə qazanmağa çalışırıq. Sadəcə, hər oyunun bir ağırlığı olur. Bu matçın da, ümumiyyətlə, hər birimizin öz məsuliyyəti var. Fərqi yoxdur, Portuqaliya, İsrail, yoxsa Bəhreynlə oynayırsan. Sadəcə, bir-birimizə inanmaq lazımdır ki, nəticə əldə edək.

- “Xəzər Lənkəran” sizi iyulda transferə çıxarandan sonra rəsmi oyunda iştirak etməmişdiniz. Bir müddətlik fasilədən sonra yaşıl meydana qayıtdınız. Özünüzü necə hiss edirdiniz?
- Bu, artıq şəxsi suallardır.

- Karyeranızla bağlı sualları cavablandırmaq istəmirsiniz?
- Karyeramla bağlı narahat olmayın.

- Qarşıdan seçmə mərhələ gəlir və millinin əsas qapıçısının klubda oynamağını istəyirik. Elə yığmamızın baş məşqçisi Berti Foqts da Bəhreynlə matçdan öncə keçirilən mətbuat konfransında sizin oyun praktikanızın yoxluğundan narahatlığını ifadə etdi...
- Uzaqbaşı 1 il evdə oturacağam. Milliyə çağıracaqlar, gəlib əlimdən gələni edəcəyəm. Çağırmayacaqlar, əvəzolunmaz futbolçu yoxdur.

- Hazırda yeni klubla bağlı variant var?
- Variant odur ki, evdə oturacağam. Çünki bir futbolçunu transferə çıxaranda, satmaq istəyəndə, real bir məbləğ var. Onu qoymaq lazımdır ki, verən də, alan da razı olsun. Şükür Allaha, hər bir şey var. Uzağı 1 il evdə oturub, futbol oynamayacağam.

- Müqavilə ilə “Xəzər Lənkəran”a məxsus olduğunuzdan, qayıdıb əvəzedici komandada məşq edə, oynaya bilərsiniz. Hər halda, komandanın Peşəkar Futbol Liqasına göndərdiyi iştirak ərizənizdə adınız var...
- Bu, artıq şəxsi suallardır. Hazırda milli haqda düşünürük.

- Son vaxtlar “Sumqayıt”ın düşərgəsində məşq edirdiniz...
- Bəli. Harda gəldi, harda icazə verirlər, orda da məşq edirəm. Bu qarşılaşmadan öncə axırıncı dəfə mollalarla məhəllədə futbol oynadım. Real bilmək istəyirsinizsə, düzünü deyirəm.