Cihan Özkaranı yığmamızın tarixinə salan qol
16.08.2012 - 18:24
Cihan Özkaranı yığmamızın tarixinə salan qol
Cihan Özkara Azərbaycan milli komandasının tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, 21 yaşlı hücumçu əsas yığmamızda qol vuran ilk milliləşdirilən türkiyəli futbolçu olub. Cihan buna avqustun 15-də Bəhreyn yığması ilə İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda 3:0 hesabı ilə qalib gəldiyimiz yoldaşlıq görüşündə imza atıb. Fasilədən dərhal sonra meydana çıxan Özkara az keçmiş – 59-cu dəqiqədə yığmamızın 2-ci qoluna imza atıb.

Hücumçu millimizə gələnə kimi 21 yaşlılardan ibarət yığmamızda (U-21) çıxış etmişdi. Belə ki, ilk dəfə ötən ilin mayında Moldova U-21-i ilə Lənkərandakı yoldaşlıq görüşünə çağırılan Cihan onda Almaniyanın aşağı divizion təmsilçisi - “RW Ahlen” klubunu təmsil edirdi. Sonradan Türkiyə Superliqa təmsilçisi “Sivasspor”a keçən hücumçu hazırda icarə əsasında I divizion təmsilçisi “Ərciyyəspor”da oynayır.

U-21-mizdə yoldaşlıq görüşlərində fərqlənən Özkara bunu rəsmi oyunda da bacarmışdı. Söhbət ötən ilin oktyabrın 10-da Belçika U-21-i ilə “Dalğa Arena”da 2:2 hesabı ilə nəticələnən Avropa çempionatının seçmə mərhələ oyunundan gedir. Onda 31-ci dəqiqədə yığmamızın hesabda 2:0 irəlidə olmağına imkan yaradan Cihan bu ildən artıq milliyə cəlb olunur. Belə ki, o, fevralın 29-da Dubaydakı təlim-məşq toplanışında Fələstin yığmasına 0:2 hesabı ilə uduzduğumuz yoldaşlıq görüşündə debüt edib. Bununla da Özkara yığmamızın 20 illik tarixində çıxış edən 184-cü, milliləşdirilən 29-cu futbolçu olub. Onun həmyerliləri hazırda da millimizdə çıxış etsələr də, əsas yığmamızda qol hesablarını hələ aça bilməyiblər.

Cihanın debütü ilə Türkiyə millimizə futbolçu verən 9-cu və hələ ki sonuncu ölkə olub. Bunadək yalnız 8 ölkədən olan əcnəbilər milli forma geymək üçün Azərbaycan pasportu almışdı. Bunlar Almaniya, Rusiya, Braziliya, Gürcüstan, Latviya, Nigeriya, Serbiya, Ukraynadır. Həmin ölkələrdən gələn əcnəbilərdən qol vuranlar kimi Narvik Sirxayev (Rusiya), Andre Ladaqa, Fabio Luis Ramim (hər ikisi Braziliya), Branimir Subaşiçi (Serbiya) göstərmək olar. Yeri gəlmişkən, Subaşiç Bəhreynlə matçda ilk qolu vuraraq, uzun fasilədən sonra millidə fərqləndi. Milliləşdirilən legionerlərdən yığmamızın baş məşqçisi Berti Foqtsun vaxtında qol vuranlar hücumçular Subaşiç və Özkara ilə yanaşı, artıq çağırılmayan yarımmüdafiəçi Ramimdir.

Mehman SÜLEYMANOV