Siftə
16.08.2012 - 23:00
Siftə
Azərbaycan millisinin Bəhreyn yığması üzərində 3:0 hesablı qələbəsi baş məşqçi Berti Foqtsun rəhbərliyi dövründə xüsusi yer tutacaq. Apasport.az saytının məlumatına görə, 66 yaşlı almaniyalı mütəxəssis millimizi çalışdırdığı 2008-ci ilin aprelindən bu yana ilk dəfə evdə yoldaşlıq görüşündə qələbə qazanıb.

Yəni Foqtsun 4 ildən artıq bir müddətdə yoxlama oyunlarında qələbələri yetərincə olsa da, bunlar xaricdə qazanılmışdı. Çalışdırıcımızın evdə rəsmi oyunlarda isə 2 qələbəsi olub ki, bunlar ötən seçmə mərhələdə Türkiyə (1:0) və Qazaxıstan (3:2) yığmaları ilə Tofiq Bəhramov adına Respublika stadionundakı oyunlara təsadüf edib.

Millimizin Foqtsa qədər öz meydanındakı yoldaşlıq görüşlərində sonuncu qələbəsinə nəzər salsaq, bu, 8 il öncəyə təsadüf edir. Belə ki, almaniyalıya qədər Şahin Diniyev 2006-cı evdə 3 yoxlama matçı keçirsə də, hamısı heç-heçə nəticələndi. Evdə bunadək sonuncu qələbəmiz də əcnəbi baş məşqçimizin dövründə - Özbəkistan yığması ilə Respublika stadiondakı matçda olub. Özü də braziliyalı dünya çempionu Karlos Alberto Torres millimizin 20 illik tarixində ilk əcnəbi çalışdırıcı kimi düşüb.

Torresin komandası da Asiyadan olan rəqibinə 3 qol vursa da, 1 top buraxdığından, böyük hesablı qələbə qazana bilmədi. Mayın 28-də dövlətimizin yarandığı bayram günündə qazanılan həmin qələbədən sonra uzun müddətlik həsrətə millimizin ilk dəfə oyununu keçirdiyi İsmət Qayıbov adına Bakıxanov stadionunda son qoymaqla, buranın düşərli olduğu göründü.


Azərbaycan milli komandasının son 8 ildə evdə keçirdiyi yoldaşlıq görüşləri
2004-cü il
28 may. Bakı. Azərbaycan – Özbəkistan - 3:1
Baş məşqçi: Karlos Alberto Torres (Braziliya)

17 noyabr. Bakı. Azərbaycan – Bolqarıstan - 0:0
Baş məşqçi: Karlos Alberto Torres (Braziliya)

2005-cı il
9 fevral. Bakı. Azərbaycan – Moldova - 0:0
Baş məşqçi: Karlos Alberto Torres (Braziliya)

2006-cı il
28 fevral. Bakı. Azərbaycan – Ukrayna - 0:0
Baş məşqçi: Şahin Diniyev

12 aprel. Bakı. Azərbaycan – Türkiyə - 1:1
Baş məşqçi: Şahin Diniyev

2007-ci il
12 sentyabr. Bakı. Azərbaycan – Gürcüstan - 1:1
Baş məşqçi: Şahin Diniyev

2008-ci il
19 noyabr. Bakı. Azərbaycan - Albaniya - 1:1
Baş məşqçi: Berti Foqts (Almaniya)

2009-cu il
9 iyun. Bakı. Azərbaycan - İspaniya - 0:6
Baş məşqçi: Berti Foqts (Almaniya)

2010-cu il
11 avqust. Bakı. Azərbaycan - Küveyt - 1:1
Baş məşqçi: Berti Foqts (Almaniya)

2011-ci il
10 avqust. Bakı. Azərbaycan - Makedoniya - 0:1
Baş məşqçi: Berti Foqts (Almaniya)

2012-ci il
15 avqust. Bakı. Azərbaycan - Bəhreyn – 3:0
Baş məşqçi: Berti Foqts (Almaniya)

Mehman SÜLEYMANOV