“Neftçi”nin gücü haqda əlavə sözə ehtiyac yoxdur”
17.08.2012 - 13:40
“Neftçi”nin gücü haqda əlavə sözə ehtiyac yoxdur”
“Neftçi”nin gücü haqda əlavə sözə ehtiyac yoxdur. Onlar son iki mövsümün çempionudurlar”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Qəbələ”nin baş məşqçisi Fatih Kavlak klubunun rəsmi saytına açıqlamasında deyib.

Cari mövsümün ilk 2 turundan sonra 4 xalla şərlik liderlərdən biri olan Kavlakın komandasını növbəti turda çətin sınaq gözləyir. Belə ki, “Qəbələ” avrokuboklarda qalan yeganə təmsilçimiz “Neftçi”nin qonağı olacaq. Ancaq Kavlakın komandanın baş məşqçisi postuna keçəndən sonra çempionla hər 3 oyunda qalib gəldiyini nəzərə alsaq, uğurlu seriyanın davamının gəlmək imkanı var.

Türkiyəli çalışdırıcının sözlərinə görə, sabahkı səfər oyununa da iddialı yollanırlar:

“Neftçi” Çempionlar Liqasına uğurlu start versə də, növbəti mərhələdə bu turnirlə vidalaşmalı oldu. Premyer Liqanın startı da rəqibimiz üçün uğurlu alınmadı. Heyətdə də bəzi dəyişikliklər oldu. “Neftçi” bizimlə oyuna çox ciddi hazırlaşıb. “Qəbələ” ilə oyunda yaxşı nəticə qazanıb, Avroliqa matçına yüksək əhval-ruhiyyədə çıxmaq istəyirlər. Biz də oyuna ciddi hazırlaşmışıq. Heyətimizdə itki yoxdur. Paytaxta maksimum nəticə üçün gəlirik. İnanıram ki, Bakıdan istədiyimiz nəticə ilə dönəcəyik”.

Qeyd edək ki, "Neftçi" ilə "Qəbələ" indiyə kimi yalnız çempionatda üzləşərək, 16 dəfə oynayıb. Bunun 7-də bakılılar, 5-də qələbəlilər qalib gəlib, 4 matç heç-heçə nəticələnib. Topların fərqi 21:14 “Neftçi”nin xeyrinədir.