Bandoviç daha bir yunan futbolçunu “Bakı”ya çağırır
17.08.2012 - 13:58
Bandoviç daha bir yunan futbolçunu “Bakı”ya çağırır
2012/13 mövsümünə uğursuz başlayan “Bakı” heyətini gücləndirmək üçün daha bir futbolçunu transfer etmək istəyir. Apasport.az saytının məlumatına görə, Avropa Liqasında Sloveniya “Mura”sına uduzan, Premyer Liqanın ilk turunda isə “Simurq”u uda bilməyən paytaxt təmsilçisi daha bir yunanıstanlını gözaltı edib.

“Olimpiakos” da çalışması ilə tanınan baş məşqçi Bojidar Bandoviç indi də Dimitris Sialması komandasında görmək istəyir. AEK-də çıxış edən 26 yaşlı hücumçu ilə danışıqlar aparan “Bakı” əvvəl onun klubu ilə məsələni həll etməlidir.

Belə ki, afinalılar oyunçusu üçün 300 min avro tələb edir. Lakin futbolçunun özü də əsas heyətində möhkəmləndiyi AEK-i tərk etməkdə o qədər maraqlı deyil. Buna baxmayaraq, 2 illik müqavilə üçün 300 min avrodan bir az aşağı məbləğlik təklif alan Dimitris qəti qərarını verməyib. Çünki Azərbaycanda qazana biləcəyi mükafatlar ona daha 100 min avro da gətirə bilər. Bu da onun “Bakı”dakı həmyerlisi Evangelis Mantsiosun komanda yoldaşı olmasına əlavə stimul ola bilər.

Qeyd edək ki, Sialmas əvvəllər “Etnikos” (Asteras), “Panionios”, “Etnikos”(Pirey), “Yannina”, “Olimpiakos” (Volos) komandalarında da çıxış edib.