Branimir Subaşiç: Onda Pele olardım
17.08.2012 - 17:00
Branimir Subaşiç: Onda Pele olardım
Azərbaycan millisinin və “Xəzər Lənkəran” klubunun futbolçusu Branimir Subaşiçin apasport.az saytına müsahibəsi

- Millimizin Bəhreynlə oyununun əsas qəhrəmanlarından biri də siz oldunuz. Hər halda, hesabı açmaqla, 3:0 hesablı qələbənin təməlini siz qoydunuz...
- Əlbəttə, qalib gəlmək xoşdur. Buna yaxşı oyunla nail olduq. Düzdür, çətin şəraitdə oynadıq. Hava isti idi, meydançanın vəziyyəti yaxşı deyildi. Ancaq eybi yoxdur, əsas odur qələbə qazandıq. Futbolçularımız belə şəraitdə xarakter göstərdilər və bu da nəticəsini verdi. İndi gələcəyə baxırıq. Az sonra növbəti seçmə mərhələnin start oyunlarına hazırlaşıb, buna çıxacağıq.

- Sözsüz ki, yoldaşlıq görüşü olsa belə, qələbədən sonra əhval-ruhiyyə yüksəlib. Növbəti seçmə mərhələyə, İsraillə ilk oyuna hansı perspektivlə baxırsınız?
- Əlbəttə, indi əhval-ruhiyyəmiz yaxşılaşıb. Ancaq bu qələbə ilə arxayınlaşmaq olmaz. İsraillə oyun tam fərqli, ayrı bir matç olacaq. Artıq tam başqa səviyyəli rəqiblə üzləşəcəyik. Fikrimcə, İsrail yığması elə də güclü deyil, üstəlik, Bakıda oynayırıq və buna görə qalib gələ bilərik. Növbəti seçmə mərhələyə uğurlu start götürmək istəyirik və bunu reallaşdırmaq lazımdır. Bunun üçün öz üzərimizdə yaxşı çalışıb, seçmə mərhələnin start oyunlarına hazır olmaq lazımdır.

- Bəhreynlə oyunda hesabı açmazdan öncə real qol imkanını qaçırdınız. Həmin anda yaxın məsafədən “çərçivə”yə düşmədikdən sonra çox üzülmədiniz?
- Həmin epizod yaxşı yadımdadır. Onda top ayağıma yaxşı “oturmadı”. Başa düşmədim ki, niyə belə oldu, həmin qol şansını necə qaçırdım. Ancaq digər tərəfdən, mən hər qol epizodunda topu qapıdan keçirsəydim, onda dünyanın ən yaxşı bombardiri olardım.

- “Futbol kralı” Pele kimi....
- Bəli, onun kimi 1000-dən çox qol vurardım. Futbolu oynayanlar həmin epizodda məni yaxşı başa düşərlər. Onda 1 saniyənin içində qərar qəbul etməli idin. Mən də topu saxlamadan qapıya vurdum və zərbə yandan keçdi. Ancaq mən ruhdan düşmədim. Fikirləşmirəm ki, qol şansını qaçıranda, ruhdan düşməlisən. Sən hücumçusan və yenə qol imkanın ola bilər.

- Elə də oldu. Az sonra penalti qazanaraq, Rəşad Sadıqovun hesabı açmasına imkan yaratdınız. Ancaq rəqib qapıçı topu küncə çıxarandan sonra başla özünüz bunu etdiniz...
- Elədir. Hər şey 2-3 dəqiqənin içində baş verdi. Rəşadı da başa düşmək lazımdır. Hər penalti qol olmur. Əsas odur ki, hesabı açmaq səylərimiz bəhrəsini verdi.

- Vurduğunuz qolla 3-4 ildən sonra yığmada fərqləndiniz. Maraqlıdır, millinizdə vurduğunuz qollarınızı sayırsınız?
- Həqiqətən də çoxdandır yığmada qol vurmurdum. Bunu sonuncu dəfə nə vaxt etdiyimiz xatırlamıram. Ancaq qollarımın sayı 6-7 olmalıdır.

- 7 qolla bombardirlər yarışında irəliləyirsiniz. Millimizin tarixində ən çox qol vuran futbolçu isə vaxtilə “Neftçi”də baş məşqçiniz olan Qurban Qurbanovdur. Ümumiyyətlə, Azərbaycan yığmasının bombardiri olmaqla bağlı stimulunuz var?
- Mən yığmada bombardirlər siyahısına son vaxtlar baxmamışam. Ancaq çoxdan görmüşdüm ki, Qurban Qurbanov siyahıda 1-ci yerdədir. Açığı, bombardir olmaq haqda fikirləşmirəm. Məndə belə stimul yoxdur, sadəcə, hər oyuna köklənərək, komandama kömək etməyə, bir hücumçu kimi qol vurmağa çalışıram. Allah nə qismət etsə, o da olacaq.

- Hazırda yaxşı formada olduğunuzu demək olar. Çünki son 1 ayda beynəlxalq miqyasda artıq 4 qol vurmusunuz. Bunun 3-ü “Xəzər Lənkəran”ın heyətində Avroliqada olmuşdu. Yəni komandanı arxanızca daşıyırsınız...
- Bunu mən yox, bütün komanda edir. Vurduğum qol təkcə mənim yox, bütün komandanın əməyidir. Mən meydanda tək heç nə edə bilmərəm. Burada hamının zəhməti var. Hələ çıxışımdan, yığdığım formadan tam razı deyiləm. Oyunumu daha da yaxşılaşdırmaq üçün hələ öz üzərimdə çox çalışmalıyam. Bəhreynlə oyunda olan həmin epizod kimi vəziyyətləri qaçırmaq, rəqibi bağışlamaq olmaz. Növbəti seçmə mərhələnin startını səbirsizliklə gözləyirəm. Ümid edirəm ki, rəsmi oyunlarda da qol vurub, komandama kömək edə biləcəyəm, çıxışımız yaxşı alınacaq. Azərbaycan yığmasında oynamaq mənim üçün böyük şərəfdir və mənə olan etimadı doğrultmağa çalışıram.

- Millinin rəsmi oyunlarına qədər Premyer Liqada 2 oyununuz var. Bunlardan ilki bazar günü “İnter”lə səfərdə olacaq. Həmin matç haqda nə düşünürsünüz?
- “İnter”lə oyunlar həmişə çətin olub. Futbol gözlənilməz oyundur. “Xəzər Lənkəran” hazırda liderlərdən biridir. Hamımız rəqibi yaxşı tanıyırıq və matçın əhəmiyyətini, çətinliyini başa düşürük. Ümid edirəm ki, səfərdə yaxşı nəticə qazanacağıq.

- Hücum xəttini gücləndirməyi düşünən “Xəzər Lənkəran”da hazırda yeganə hücumçu olduğunuzdan, sizə ağır yük daşımaq çətin deyil ki?
- Mən üzərimə düşəni etməyə çalışıram. Biz bir komandayıq və uğurda hamının payı var. Komandada hansı mövqeləri gücləndirməklə bağlı işlərə baş məşqçi, rəhbərlik qərar verir.

Mehman SÜLEYMANOV