Tərlan Əhmədov: Oyun oyuna bənzəmir
17.08.2012 - 23:01
Tərlan Əhmədov: Oyun oyuna bənzəmir
“Neftçi” klubunun məşqçisi Tərlan Əhmədovun apasport.az saytına müsahibəsi

- Komandanın hazırlığı necə gedir?
- Heyətimizin 6 oyunçusu U-21-in düşərgəsində idi. Onlar komandaya qoşulub. Həmin futbolçular “Qarabağ”la oyundan sonra milliyə dəvət olunmuşdular. Artıq tam heyətlə məşqlərimizi davam etdiririk. Hər şey qaydasındadır. Şükürlər olsun ki, zədəli, cəzalı futbolçumuz yoxdur.

- “Neftçi”nin APOEL-lə oyun üçün UEFA-ya göndərdiyi iştirak ərizəsinə diqqət yetirən zaman “Hapoel”lə matçdan sonra transferə çıxarılan İqor Mitreskinin adına rast gəldik. Onun xidmətindən istifadə etmək fikriniz varmı?
- O, hazırda əvəzedici komandanın məşqlərində iştirak edir. Əsas heyətə cəlb edilməyib. Mitreski “Neftçi” ilə 2 illik müqavilə imzalamışdı. Ona görə də onun adını iştirak ərizəsinə daxil etdik. Yenə qeyd edirəm, əsas heyətlə məşq etmir. Gələcəkdə necə olacağını indidən deyə bilmərəm.

- Şans verəcəyiniz istisna deyil?
- İstisna deyəndə, futbolçunun klubla müqaviləsi var. Amma onu əsas komandada oynatmağı düşünmürük.

- Daha iki futbolçunun adını da UEFA-ya göndərdiyiniz siyahıya əlavə etmisiz. Söhbət qapıçı Rəşad Əzizov və müdafiəçi Mahir Şükürovdan gedir. Şükürov bir müddət klubsuz qaldı. Belədə necə düşünürsüz, o APOEL-lə oyunlarda komandaya kömək edə biləcək gücdədirmi?
- Düzdür, Mahir bir müddət klubsuz qaldı. Amma “Qarabağ”la oyunda sona 20 dəqiqə qalmış ona şans verdik. O, sübut etdi ki, hələ potensialı var. Oyun təcrübəsi yerindədir. Oynamasında hansısa problem görmürəm. Mahir bütün prosesləri keçib. Belə futbolçularla işləmək olar.

- Amma ehtiyat qapıçı kimi adlarını göstərdiyiniz hər iki qolkiper təcrübəsizdirlər. Saşa Stamenkoviç zədələnsə, onu əvəz edə biləcəklərmi?
- Bir misal çəkim. Əsas yığma ilə Türkiyədən gəldikdən sonra Slovakiya ilə qarşılaşdıq. Əsas qapıçımız olan Dmitri Kramarenko zədələndi. Onu əvəzedici komandada çıxış edən Cahangir Həsənzadə əvəzləməli oldu. Halbuki bir gün əvvəl o, ikinci yığma ilə 90 dəqiqə oyun keçirmişdi. Slovakiya ilə qarşılaşma isə Cahangirin karyerasında əsas millinin forması altında ilk rəsmi matçı idi. Təsəvvür edin, Cahangir karyerasında ən yaxşı oyununu keçirdi. Oyunu 2:0 hesabı ilə udduq. Yəni kimin necə çıxış edəcəyini zaman göstərəcək. Əsas odur ki, biz həmin gənclərə inanırıq. Əzizov da, Balayev də potensilı olan qapıçılardır. Hər ikisi aşağıyaşlı yığmalarımızın qapısını qoruyub. Uzun müddətdir bir yerdə çıxış edirlər. Təcrübələri istənilən qədər olmasa da, Balayev Avstriyadakı təlim-məşq toplanışında nəyə qadir olduğunu göstərdi. Düşünürəm ki, problemimiz olmayacaq.

- APOEL-lin oyunu haqda hansı məlumat toplamısınız?
- Son iki oyunun diski var, ona baxırıq.

- Püşkdən sonra köməkçi məşqçilərdən birini rəqibin oyununu izləməyə göndərəcəyinizi demişdiz.
- Onlarda çempionat sentyabrın sonunda başlayacaq. Ona görə də rəqibi disklərə baxıb, analiz edəcəyik.

- APOEL-lə bağlı ilk təəssüratlarınız necədir? Rəqib hansı komponentlərdə güclüdür?
- Bununla bağlı ətraflı danışa bilmərəm. Amma səviyyəli komanda olduqlarını deyə bilərəm. Ötən il Çempionlar Liqasının ¼ final mərhələsinə qədər irəliləməyi bacarıblar. Həmin mərhələdə “Real”a yeniliblər. Hansı ki, APOEL Madriddəki oyunda rəqib qapısına 2 qol vurmağı bacarıb. Bunların hamısını nəzərə alırıq. Həm də oyun oyuna bənzəmir. Oyunlarına baxdıqda fərqi hiss edirik. Yaxşı komandadır. Amma onlara qarşı oynamaq mümkündür.

- Bu gün futbol ictimaiyyətinin, eləcə də azarkeşlərin qrup mərhələsini arzulaması “Neftçi” üzərində psixoloji təzyiq yarada bilərmi?
- Biz də istəyirik ki, qrup mərhələsinə vəsiqə qazanaq, ölkə futbolu tarixinə düşək. Ancaq necə olacağını zaman göstərəcək.

- Mərkəz müdafiəçisi transfer etmək istəyirsiz. Bu keçid nə vaxt yekunlaşacaq?
- Bu istiqamətdə işlər görülür. Axtarışlarımız davam edir. Mahirin gəlişindən sonra istərdik mərkəz müdafiəçisi də transfer edək. Lakin hələ real bir şey yoxdur.

- Deməli, APOEL-lə oyuna qədər hansısa transfer gözlənilmir?
- Bunun nə vaxt baş verəcəyini demək çətindir. Ortada konkret nəsə yoxdursa, necə deyə bilərəm ki, 1 və ya 2 günə məsələ həll olunacaq?

- Bu gün Premyer Liqanın III turu çərçivəsində “Qəbələ” ilə qarşılaşacaqsız. Onlar da ötən tur “İnter”i məğlub ediblər və cari mövsümdə iddialıdırlar. Bu oyundan nə gözləyirsiz?
- Bilirik ki, “İnter”i udduqdan sonra əhval-ruhiyyələri yaxşıdır. Biz isə mövsümə “Qarabağ” yenilgisi ilə başlamışıq. Buna baxmayaraq, komanda öz oyununu oynamağa çalışacaq. Bu matç həm də APOEL oyunuöncəsi bizə stimul verəcək. Məqsədimiz hər iki qarşılaşmadan qələbə ilə ayrılmaqdır.

- Futbolçuların APOEL-lə oyunu düşündüyündən, bu matça ciddi yanaşmayacaqlarını gözləmək olarmı?
- Xeyr, çempionatın öz psixoloji hazırlığı var. Pley-off isə başqa bir hazırlıqdır. Düzdür, həmin oyuna hazırlaşırıq və hər bir şey ona dögru aparılır. Ancaq bu o demək deyil ki, pley-offa hazırlaşıb, çempionatı əldən verək. Hər birinin öz yeri var.

- Əsas heyəti qorumaq fikriniz varmı?
- Xeyr, düşünürəm ki, “Qəbələ” ilə qarşılaşıb, həmin “maket”lə də APOEL-lə qarşı oynamalıyıq.

- Sizi Azərbaycan-Bəhreyn oyununda da gördük. Yığmanın oyunu haqda nə deyə bilərsiz?
- Bununla bağlı fikir bildirmək istəmirəm. Çünki millinin öz məşqçilər korpusu var, onlar lazımi təhlillər aparıblar. Sadəcə, qələbə münasibəti ilə komandamızı təbrik edirəm. İsrail və Portuqaliya ilə görüşlərdən əvvəl bu qələbə vacib idi.

- Maraqlıdır ki, millinin heyətində “Neftçi”nin üzvü yox idi. Komandanızdan heç bir futbolçunun əsas yığmaya dəvət edilməməsi sizi məyus edirmi?
- Bəli, yığma üzvləri arasında “Neftçi”nin heç bir yetirməsinin olmaması bizi də məyus etdi. Amma bu millinin məşqçilərinin seçimidir və heç kim onların işinə qarışa bilməz. Onu da qeyd edim ki, 6 futbolçumuz U-21-in düşərgəsində idi və onlar Estoniya ilə matçda iştirak etdilər. Buna sevinməyə bilmərik. Düşünürəm ki, həmin 6 futbolçu əsas milliyə layiqli oyunçulardır. Bura Rəşad Sadiqovu da əlavə etmək olar. Yenə deyərm seçimi yığmanın məşqçiləri edir. Buna rəğbətlə yanaşmaq lazımdır.