Rail Məlikov: “Dənizlispor” 4 variantdan biridi
24.08.2012 - 15:05
Rail Məlikov: “Dənizlispor” 4 variantdan biridi
“Karyeramı Türkiyədə davam etdirmək variantı həqiqətən də var. Ona qalsa, təkliflərim çoxdur. Hər halda, boş qalası deyilik”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Neftçi”nin sabiq kapitanı Rail Məlikov deyib.

2007-ci ildən şərəfini qoruduğu klubdan kənarlaşdırılandan sonra özünə yeni iş axtaran müdafiəçinin ilk dəfə karyerasını xaricdə - Türkiyədə davam etdirəcəyi gözlənilir. Belə ki, I liqada mübarizə aparan “Dənizlispor”un prezidenti Süleyman Urkay Raillə ilkin razılıq əldə etdiklərini və onu yaxın günlərdə rəsmi müqavilə imzalamaq üçün dəvət edəcəklərini bildirib.

Məlikovun sözlərinə görə, bu ölkədə bir neçə klubun maraq dairəsindədir: “4 klubla bağlı variant var ki, biri də “Dənizlispor”dur. Orada transfer, menecer işləri burdakı kimi deyil. Menecer hansısa futbolçunu təklif edəndən sonra oyunlarını – həm klubda, həm də yığmadakıları diqqətlə izləyirlər. Məsələmə 2 günə aydınlıq gəlməlidir. Türkiyədən zəng vurub, dəvət etməlidirlər. Mən Türkiyədə oynamağa hazıram. Orada 1-ci liqa güclüdür, Azərbaycan Premyer Liqasından geri qalmır. Superliqaya isə indi düşmək çətindir. Çünki vaxt münasib deyil. Hələ mövsüm bitəndən sonra bu variantım olsam da, həmin vaxt “Neftçi”də idim”.

Rail karyerasını vətəndə davam etdirmək variantı haqda da düşünür: “Mən hər şeyi götür-qoy edib, qərarımı vermək fikrindəyəm. Vətəndə oynamaq istərdim. Ancaq öz gücümə inanıram və xaricdə oynamağa şübhə ilə yanaşmıram. “Qarabağ”a keçmək variantım olmayıb. Sadəcə, formamı saxlamaq üçün baş məşqçi Qurban Qurbanova müraciət etdim. Sağ olsun, həm o, həm də klub rəhbərliyi buna imkan yaratdılar”.

Mehman SÜLEYMANOV