75 yaşlı klubun 750-ci günü
24.08.2012 - 23:01
75 yaşlı klubun 750-ci günü
“Neftçi” özünün və Azərbaycan klublarının avrokuboklardakı uğurlu seriyasını davam etdirir. Apasport.az saytının məlumatına görə, təmsilçilərimiz 750 gündür qitə miqyaslı yarışlarda keçirdiyi ev oyunlarında uduzmurlar.

“Ağ-qaralar” bu seriyanı Kipr APOEL-i ilə Avropa Liqasının IV təsnifat mərhələsinin Bakıdakı ilk oyununda da davam etdiriblər. 1:1 hesablı bərabərliklə məğlubiyyətsizliyin 750-ci günü 75 yaşlı klub tərəfindən qeyd olunub.

Azərbaycan azarkeşləri öz meydanımızda sonuncu məğlubiyyəti 2010-cu il avqustun 4-də görüb.

Həmin vaxt “Qarabağ” Almaniya “Borussiya”sını qəbul edib. Lakin komandamız Dortmund təmsilçisinin qələbəsinə əngəl ola bilməyib. Lukas Barriosun son dəqiqələrdəki qolu klublarımızın Avropada son yenilgisi idi.

Bundan sonra ötən mövsüm 6, cari mövsüm 8 qarşılaşmada əcnəbilər Bakıdan qələbəsiz ayrılmaq məcburiyyətində qalıblar. Bu 14 oyunda təmsilçilərimiz cəmi 4 qələbə qazanıb və 10 dəfə heç-heçə edib.

Klublarımızın evdəki məğlubiyyətsiz seriyasını 14-ə çatdıran “Neftçi”nin özünün də belə oyunlar ardıcıllığı var. “Ağ-qaralar” 4760 gündür əcnəbilərə Bakıda “boyun əymir”. 1999-cu il avqustun 12-də Serbiya təmsilçisi “Srvena Zvezda”ya 2:3 hesabı ilə uduzan bakılılar ardıcıl 14 qarşılaşmada meydanı yenilgisiz tərk edib.