Ruslan Əmircanov: Boş vaxtımız olanda zarafat edirik - MÜSAHİBƏ
03.09.2012 - 15:15
Ruslan Əmircanov: Boş vaxtımız olanda zarafat edirik - MÜSAHİBƏ
“İnter”in futbolçusu Ruslan Əmircanov klubunun rəsmi saytına müsahibə verib. Apasport.az saytının məlumatına görə, müdafiəçi çempionatın startını dəyərləndirdib və hazırda davam edən təlim-məşq toplanışı haqqında danışıb.

- Çempionatın startını necə dəyərləndirərdiz?
- Oyun baxımından heç bir problemimiz yoxdur. Bunu tək biz demirik, kənardan baxanlar da bildirir ki, “İnter” həm avrokubokda yaxşı futbol göstərdi, həm də çempionatda çox gözəl oyun nümayiş etdirir. Amma start oyunlarda bəzi çatışmayan cəhətlər də var idi. Məşqçi də bildirdi ki, oyunumuzda çatışmayan yeganə cəhət qoldur. Biz qol vurmaq üçün müəyyən çətinliklərlə üzləşirik, bunu da bəxtsizliklə əlaqələndirim, yoxsa başqa faktorlarla bilmirəm. Oyunlarda əlimizdən gələni edir, məşqçinin tapşırıqlarını yerinə yetiririk, sadəcə qol vura bilmirik. Məhz buna görə ilk 4 oyunun 3-də xal itirmişik. Bu 4 matçda cəmi 5 xal qazanmışıq, bu da ki, “İnter”ə sərf edə biləcək göstərici deyil.

- Bu mövsüm ərəfəsində Azərbaycan klubları heyətlərini gücləndirib, bu isə çempionatın daha gərgin və maraqlı mübarizə şəraitində keçəcəyini bildirir…
- Çempionatın səviyyəsində artım hiss olunur. Klubların orta səviyyəsində yüksəliş var. AZAL, “Rəvan” və “Simurq” klubları ötən mövsümlə müqayisədə qat-qat üstün futbol nümayiş etdirir. Ümumiyyətlə, hazırda çempionatın hər bir rəqibinə qarşı ciddi hazırlaşmaq lazımdır. Yuxarı pillələr uğrunda oynayan komandalara qarşı hazırlaşdığımız kimi. Elə “Turan”a qarşı keçirilən sonuncu görüşü bu fikrə təsdiq kimi göstərə bilərəm. Tovuzda keçirilən görüşdə biz məğlub da ola bilərdik, lakin son dəqiqələrdə komandamız özündə güc tapıb, 2 qol vuraraq qələbə qazana bildi. Bu komandalara qarşı zəif hazırlaşsaq, bu bizim üçün baha başa gələ bilər.

- Artıq 2 aydır ki, “İnter”in heyətinə qoşulmusuz. Bilmək istərdik, komandada özünü necə hiss edirsiz?
- “İnter” peşəkar bir klubdur, burada heç bir futbolçunun problemi yoxdur. Komandanın rəhbərliyi hər bir oyunçuya yaxşı şərait yaradır. Klubda həm cavan, həm də təcrübəli futbolçular var və biz bir-birimizə mehriban yanaşırıq. Yaxşı kollektivimiz var. Məşqlərdə ciddi şəkildə çalışırıq, boş vaxtımız olanda zarafat da edirik, hər şey öz yerində.

- Hazırda komandamız Gürcüstanda təlim-məşq toplanışı keçir. Hazırlıq prosesi haqqında nə deyə bilərsən?
- Baş məşqçi bu toplanışın keçirilməsini məsləhət görübsə, deməli bu toplanış bizim üçün faydalı olacaq. Biz Avropa Liqası oyunlarından əvvəl də təlim-məşq toplanışı keçirmişik və qitəmiqyaslı turnirdə “İnter” fiziki baxımdan rəqiblərdən üstün təsir bağışlayırdı. Zənnimcə, Gürcüstandakı toplanış əvvəlki toplanışların davamıdır. Bu toplanışdan sonra biz çempionatda daha yaxşı çıxış edəcəyik. Hazırkı məşqlər fərqliliyi ilə seçilir. Mən Kaxaber Sxadadzenin məşqlərinə hələ “Standart”ın vaxtından bələdəm. Məşq prosesinə söz ola bilməz, biz Avropa səviyyəli məşqlər keçirik. Bu cür məşqlər futbolçunun inkişafına müsbət təsir göstərir.

- “İnter”ə transfer olanda da söyləmişdiniz ki, “buraya məşqçiyə görə gəlmişəm”…
- Mən Kaxaber Sxadadzenin rəhbərliyi altında hələ “Standart”da çıxış etmişəm. O, hər zaman mənə inanırdı və güvənirdi. Mən əsas heyətdə yer alırdım, məşqçinin tövsiyələrini yerinə yetirməyə çalışırdım. Etiraf edim ki, “Neftçi”dən ayrılandan sonra Kaxaber Sxadadze ilə əlaqə saxladım və klubu tərk etdiyimi bildirdim. O isə bildirdi ki, məni “İnter”də görmək istəyir. Düzdür, mənim başqa təkliflərim də var idi, lakin mən gələcək karyeramın inkişafı üçün məhz “İnter”i seçdim.

- Avqsutun 30-u sabiq klubun “Neftçi” Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Yəqin ki, onları bu qələbə münasibəti ilə təbrik etmisiz. Ümumiyyətlə, bu uğurla bağlı nə deyə bilərsiz?
- “Neftçi”də oynayan futbolçularla tez-tez əlaqə saxlayıram, bu klubdan ayrılsam da, keçmiş komanda yoldaşlarımla dostluğumuz davam edir. Onların rəhbərliyindən tutmuş inzibatçıya kimi, hər bir üzvü ilə yaxşı münasibətdəyəm. Uşaqları qazanılan bu qələbə münasibəti ilə bir daha təbrik edirəm. Azərbaycan futbolunda hələ belə uğur olmayıb, bu qələbə ölkəmiz üçün bir futbol bayramı kimi dəyərləndirilib. “Neftçi” klubuna qrup mərhələsində bundan da böyük uğurlar arzulayıram.