“Hamı bilir ki, İsrail yığması bizdən güclüdür”
03.09.2012 - 17:00
“Hamı bilir ki, İsrail yığması bizdən güclüdür”
Azərbaycan yığmasının və “Qarabağ” klubunun futbolçusu Maksim Medvedevin apasport.az saytına müsahibəsi

- Milli komanda İsraillə matçın hazırlığına başlayıb. Toplanış barədə nə deyə bilərsiniz?
- Hazırlıq yüksək səviyyədə davam edir. İndiki məşqləri çempionatın əvvəlində də keçmişdik. Baş məşqçi istəyir ki, hamının hazırlıq səviyyəsi bərabər olsun. Fiziki hazırlıq üstünlük təşkil edirdi. Bizi xeyli yordular. Amma bunun bəhrəsini görəcəyik. Oyun yaxınlaşdıqca, artıq fiziki məşqləri taktiki çalışmalar əvəzləyir. Ciddi hazırlaşırıq.

- Baş məşqçi artıq yekun siyahını açıqlayıb. Bəzi oyunçular U-21-in düşərgəsinə göndərildi, digərləri isə ehtiyat siyahıya salındı. Onlar məşq prosesində özlərini necə göstərirdilər?
- Siyahı ilə tanış deyiləm. Bu, baş məşqçinin qərarıdır. Yəqin, belə məsləhətdir.

- Düşərgədə ab-hava necədir?
- Çoxdandı görüşmürdük. İndi ab-hava çox yaxşıdır, oyuna qədər də belə olacaq. Məsuliyyəti dərk edirik. Bu da yaxşı nəticə qazanmağımıza təsirsiz ötüşməyəcək.

- Bəhreyinlə oyundan sonra keçirilən mətbuat konfransında Berti Foqts müdafiədə səhvlərə yol verildiyini və buna qarşı tədbir görüləcəyini bildirmişdi. Bu haqda komanda ilə birgə hansısa müzakirə aparılıbmı?
- Bəhreyinlə oyunlarda səhvlərə yol verdik. Müdafiədə Əli Gökdəmirlə birgə çıxış edirdik. Ola bilsin, həmin yer onun mövqeyi deyildi. Çünki Əli daha çox sol cinahda oynayır. Baş məşqçi bunu uyğunlaşma, bir-birimizi başa düşmək baxımından edirdi. Biz də çalışırdıq ki, bir-birimizə kömək edək. Həmin oyunda qol buraxmadıqsa, bu müdafiənin qələbəsidir. Amma səhvlərə yol verdiyimiz istisna deyil. Komanda ilə birgə müzakirəyə gəldikdə, bu haqda hələ bizə heç nə deməyib. Çünki oyun başa çatdıqdan sonra hər kəs öz evinə yollandı. İsraillə oyun tamamilə fərqli olacaq. Onlarla oyunda uşaq səhvlərinə yol vermək olmaz. Texniki baxımdan rəqib daha üstündür.

- Yığma DÇ-2014-ün seçmə qrup mərhələsinə İsrail millisi ilə keçirəcəyi oyunla start verəcək. Rəqib haqda hansı informasiyaya sahibsiniz?
- İsrailin oyununu bütöv izləməmişəm. İnternetdə bəzi oyunlardan fraqmentlərə baxmışam. Almaniya ilə qarşılaşmada vurduqları qolları gördüm. Hamı bilir ki, bu gün İsrail yığması bizdən güclüdür. Ancaq bu məğlub olmağımız anlamına gəlməməlidir. Doğma meydanda, azarkeşlərimiz qarşısında oynayacağıq. Əzmkarlıq hesabına qələbə qazana bilərik.

- İlk qarşılaşmada qazanılacaq nəticədən çox şey asılıdır. Necə düşünürsünüz, millimiz rəsmi oyunlara qələbə ilə start verə biləcəkmi?
- Başa düşürük, ilk oyundu, uğur qazanmalıyıq. Yenə deyirəm, taktiki baxımdan rəqib bizdən güclü ola bilər. Lakin komanda şəklində onlardan 3 xal ala biləcək gücdəyik.

- Respublika stadionu təmir olduqdan sonra yığmamız ilk dəfə həmin arenaya ayaq basacaq. Qazonun ideal vəziyyətdə olması futbolçulara əlavə stimul verirmi?
- Yaxşı meydançada oynayacağıq. Qazon əla vəziyyətdədir. Həmin məkanda baxımlı futbol nümayiş etdirmək mümkündür. Bakıxanov qəsəbə stadionu heç də yaxşı vəziyyətdə deyildi. İndi hər şey fərqlidir. Suvarılmış qazonda məşq edəcəyik. Baş məşqçi indidən dəmir şipli butslardan istifadə etməyimizi tapşırıb. Oyunda da belə olacaq.

- İsraildən sonrakı rəqib daha güclüdür. Portuqaliya ilə səfərdəki matç haqda necə, düşünməyə dəyər?
- İsraillə müqayisədə Portuqaliya çox güclüdür. Heyətlərində dünya səviyyəli ulduzlar çıxış edir. Amma indi İsraillə oyunu düşünürük. Bu matç bitdikdən sonra səfər görüşünə köklənəcəyik.

- Bir az da “Qarabağ”dan danışaq. Arxada qalan 4 turu necə dəyərləndirirsiniz?
- Deməzdim ki, pis çıxış edirik. 4 oyundan 8 xal toplamışıq. “Rəvan”la oyunu çıxmaq şərti ilə hər şey qaydasındadır. Heç-heçə etdiyimiz “İnter” kifayət qədər güclü və iddialıdır. Sadəcə, “Rəvan” işləri korladı. Onlarla oyunda “Qarabağ” 1 xal qazanmadı, əksinə 2 xal itirdi. “Rəvan” isə bir xal qazandı. Bu 2 xalı kompensasiya etməyə çalışacağıq.

- Bu il məqsəd çempion olmaqdır?
- Bəli, “Qarabağ” çoxdandır ki, çempion olmur. Qızıl medalı qazanmaq istəyirik. İşimiz pis getmir.

- Heyət bunun üçün yetərlidir?
- Ötən mövsümlə müqayisədə bir az dəyişiklik edilib. Adamiya, Rəşad Sadiqov kimi futbolçular komandadan ayrılıb. Onlar təcrübəli oyunçular idi. Komandanı arxası ilə aparmağı bacarırdılar. Hardasa oyunumuz 30 faiz onlardan asılı idi. Yeni futbolçularımız da zəif deyillər. Adətən legioner oyunçu gələn vaxt onun adaptasiya olması üçün müəyyən zamana ehtiyac olur. Amma Riçard sanki uzun müddətdir ki, bizimlə birgə çıxış edir. O, kollektivə çox tez öyrəşdi.

- Bəs qapıçı?
- Onun haqda danışmaq hələ tezdir. Komanda yaxşı oynayır deyə, onun üzərinə az iş düşür. Bir avtoqol olub. “Sumqayıt”la oyunda vurulan qolda müdafiə səhvə yol verdi. Həmin anda qapıçı başqa cür oynamalı idi. Amma onun da səhvi qaçılmaz oldu. Bir sözlə, Varvodiçin işi çox olmayıb. Çətin oyunlarımız qabaqdadır. O zaman biləcəyik ki, necə qapıçıdır.