“Azərbaycan yığması bu amilə diqqət yetirsə yaxşıdır”
04.09.2012 - 11:16
“Azərbaycan yığması bu amilə diqqət yetirsə yaxşıdır”
“Görüş çox çətin keçdi. Hər iki komanda taktiki baxımdan yaxşı oynadı”. Bu sözləri apasport.az saytına açıqlamasında Zambiya yığmasının baş məşqçisi Katinqa Albert deyib.

Dünən 17 yaşadək qızlardan ibarət milli komandamız Bayıl stadionunda Zambiya ilə qarşılaşdı. Matçın taleyini bir qol həll etdi ki, 32-ci dəqiqədə kapitan Nkavaka Sailinin vurduğu qol Afrika təmsilçisinə qələbə qazandırdı.

Baş məşqçi qarşılaşmadan sonra bildirib ki, bu görüşün hər iki komanda üçün əhəmiyyət kəsb edib: “Bilirik ki, Azərbaycan dünya çempionatının qrup mərhələsinə hazırlaşır. Bu baxımdan oyun onlar üçün əhəmiyyətli idi, bizim üçün də. Oyuna gəlincə, yığmanızın sağ cinahı daha güclüdür. İmkanlarınız da oldu, amma istifadə edə bilmədiniz. Komandanızda Jalə Məhsimovanın oyunu xoşuma gəldi”.

Albert yığmamızın qrupdakı rəqibi olan Nigeriya haqda da danışıb. Çünki Zambiya və Nigeriya milliləri artıq qarşılaşıb. Qrupdakı rəqibimiz ilk oyunda 5:0, cavab matçında isə 2:1 hesabı ilə qələbə qazanıb.

Belə olan halda, zambiyalı çalışdırıcı komandamızın Nigeriya ilə dueldəki şansını dəyərləndirib: “Açığı, Nigeriya ilə qarşılaşmalar zamanı mən baş məşqçi deyildim. Mətbuatdan oxuduğuma görə, Zambiya yaxşı hazırlaşmamışdı. Nigeriya fiziki baxımdan çox güclü komandadır. Onların futbolçuları daha hündürboylu və sürətlidir. Onlar bu üstünlüklərindən istifadə edirlər. Azərbaycan yığması bu amilə diqqət yetirsə yaxşıdır”.