“Deportivo”nun futbolçusu Azərbaycanla oyunu gözləyir
04.09.2012 - 12:02
“Deportivo”nun futbolçusu Azərbaycanla oyunu gözləyir
“Lüksemburq və Azərbaycan millilərinə qarşı oyunlara çağırıldığım üçün çox xoşbəxtəm. Burada olmaq hər bir futbolçu üçün böyük şərəfdir. Əməyimin bəhrəsini yığmaya çağırılmaqla gördüyüm üçün şadam”. Apasport.az saytının məlumatına görə, bu sözləri Portuqaliya millisinin futbolçusu Pizzi deyib.

İspaniyanın “Deportivo” (La Korunya) klubunda çıxış edən futbolçu karyerasında ilk dəfə əsas milliyə çağırılıb.

Buna baxmayaraq, 22 yaşlı oyunçu DÇ-2014-ün Lüksemburq və Azərbaycanla matçlarında debüt şansını gözləyir: “Hər gün öz üzərimdə çalışıram. Milliyə layiq olduğumu sübut etmək əzmindəyəm. Millimizdə dünyanın ən yaxşı futbolçuları var. Belə komandada heyətə düşmək çətindir. Lakin gərgin əməklə buna nail olmaq olar.

Milliyə düşmək üçün legioner həyatı yaşamağımın rolu oldu. İspaniyaya getməyim üçün peşman deyiləm. Ümid edirəm ki, qarşıdakı oyunlarda debüt şansı qazanacağam. Səbirsizliklə bu matçları gözləyirəm”.