“Neftçi” üçün saxta titul, “Şemrok Rovers” və yaddan çıxan Nasimov
04.09.2012 - 12:30
“Neftçi” üçün saxta titul, “Şemrok Rovers” və yaddan çıxan Nasimov
Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan “Neftçi” Rusiya mətbuatının diqqətindən düşmür. Apasport.az saytının məlumatına görə, Kazan təmsilçisi “Rubin”lə eyni qrupda mübarizə aparacaq bakılılar haqda müxtəlif səpgidə yazılar hazırlanır.

Rusiyalı həmkarlarımız bu gün “Rubin”lə eyni qrupda yer alan İtaliya “İnter”i, Serbiya “Partizan”ı və “Neftçi”yə həsr olunan yazı hazırlayıb. Tanıtma-təqdimat tipli yazıda bir sıra məqamlar diqqəti cəlb edir.

“Neftçi”yə titul verdilər...
Təmsilçimizin çempionluq sayının 8 göstərilməsi diqqət çəkir. Hərçənd, bakılılar cəmi 7 dəfə Azərbaycan çempionu olublar. Belə çıxır ki, ruslar “Neftçi”yə 1 titul verib...

...Raillə Rauf yenidən “Neftçi”də
Komandanın heyətində paytaxt təmsilçisini tərk edən Slavço Georgiyevski, klubdan qovulanlar Rail Məlikovla Rauf Mehdiyev də yer alıb. Görünür, rusların “Neftçi”dən xəbəri yoxdu.

Mourinyo
Şimallılar baş məşqçi Böyükağa Hacıyevin personasına da toxunublar: “Neftçi”də ən maraqlı fiqurlardan biri baş məşqçi Böyükağa Hacıyevdir. Qeyri-adi açıqlamalarına görə onu Mourinyo ilə müqayisə etmək olar. Püşkatmadan sonra komandasının “İnter” və “Rubin”lə müqayisədə daha yaxşı vəziyyətdə olduğunu deməsi də buna misaldır. O, komandasının qrupdan çıxacağını iddia edir və “biz rəqiblərimizi yaxşı tanıyırıq. Qoy onlar bizi öyrənsinlər” deməyi unutmur.

Bizim “Şemrok Rovers”
Rusiyalılar çempionumuzu İrlandiya təmsilçisi “Şemrok Rovers”ə də bənzədib: “Neftçi” ilə bağlı vəziyyət ötən ilki “Şemrok Rovers”in tarixçəsini xatırladır. Həmin vaxt irlandiyalılar ölkə tarixində ilk dəfə avrokubokların qrupuna düşmüşdülər”.

Böyük fərq
Həmkarlarımız “Rubin”lə “Neftçi” arasında fərq görür: “Rubin” Azərbaycan təmsilçisi qarşısında böyük üstünlüyə malikdir. Belə təəssürat yaranır ki, heç nə kazanlıların 2 inamlı qələbə qazanmasına mane ola bilməz. Amma yada salanda ki, APOEL-i çox az komanda məğlub edib, özü də Kiprdə, onda rəqibin oyununun ciddi təhlilə ehtiyacı olduğunu düşünürsən. Ən əsası isə rəqibə qarşı düzgün köklənməlisən”.

Nasimov yaddan çıxıb?
“Neftçi”nin heyətinə də toxunan şimallılar Araz Abdullayevin müqavilə ilə İngiltərə “Everton”una məxsus olub doğma klubda icarədə olduğunu da vurğulayıb. Moskva “Spartak”ındakı çıxışları ilə Rusiyaya tanış olan İqor Mitreskidən də bəhs edən qonşularımız Bahodir Nasimov amilini vurğulamayıblar. Hərçənd, özbəkistanlı “Neftçi”yə məhz “Rubin”dən gəlmişdi.