Cevat Gülər: Nuru Əliyev məni qəbul etmədi
05.09.2012 - 15:17
Cevat Gülər: Nuru Əliyev məni qəbul etmədi
“Rəvan” klubunun sabiq baş məşqçisi, türkiyəli mütəxəssis Cevat Gülərin apasport.az saytına müsahibəsi

- “Rəvan”dan gözlənilməz istefanızdan 2 həftə ötüb. Bu müddətdə klubun sahibi Nuru Əliyevlə görüşməyi planlaşdırırdınız. Buna nail oldunuzmu?
- Xeyr. Nuru Əliyev məni qəbul etmədi. Əvəzində köməkçisi ilə görüşdük.

- Kiminlə?
- Samirlə. Amma soyadını bilmirəm. Mənimlə rəhbərliyin adından danışdı.

- Müqavilənizin müddəti başa çatmamışdı. Buna görə hansısa kompensasiya aldınızmı?
- Yox. Sadəcə, qarşılıqlı razılıq əldə etdik.

- Bəs istefaya göndərilməyinizin əsl səbəbini sizə izah etdilərmi?
- İlk 4 oyunda qazandığımız 3 xal ilk “altılığ”a düşmək üçün az sayıldı. Bu səbəbdən belə addım atıblar. Rəhbərliyin qərarıdır, mən bunu şərh edə bilmərəm.

- Amma nəzərə alaq ki, həmin 3 xal güclü rəqiblərlə oyunlarda qazanılmışdı...
- Bunu rəhbərlik də bilir. Amma 4 oyunda 3 xalın az olduğunu qənaətindədirlər.

- Sizcə, bu nə dərəcədə düzgündür?
- Rəhbərliyin fikrinə münasibət bildirmək istəmirəm.

- İddia olunur ki, vitse-prezident Bəhruz Şirəliyevlə transfer məsələlərində probleminiz olduğu üçün istefaya göndərilmisiniz. Bu nə dərəcədə düzgündür?
- Mənim transferlərlə bağlı heç kimlə problemim olmayıb. Yeganə çatışmazlıq 4 oyunda 3 xalın toplanması idi. Buna görə də baş məşqçi dəyişikliyi gerçəkləşdi.

- Sabiq köməkçiniz Bəhmən Həsənovun yenidən baş məşqçi təyin olunmasını necə qarşıladınız?
- Ona uğurlar arzulayıram.

- Rəhbərliyiniz altında çalışan Həsənovun potensialına bələdsiniz. Onun dördüncü dəfə baş məşqçi postuna gətirilməsinə münasibətiniz necədir?
- Həmin təyinatını rəhbərlik gerçəkləşdirib. Mən isə onların qərarına şərh vermirəm.

- Türkiyəyə qayıdandan sonra yeni təklif almısınız?
- Türkiyədə çempionat yeni başlayıb. Cəmi 2 tur arxada qalıb. Ona görə təklif gözləmək tezdir. 5-6 tur keçsin, istefalar olsun ki, bizə də təklif gəlsin. Həm də Türkiyədə çoxlarının mənim işsiz olmağımdan xəbəri yoxdur. Onlar elə bilir ki, mən hələ də “Rəvan”dayam.

- Yenidən Azərbaycandan təklif alsanız, qəbul edərsiniz?
- Niyə də olmasın?