“Daha çox xal toplamaq imkanımız var idi” - MÜSAHİBƏ
05.09.2012 - 23:02
“Daha çox xal toplamaq imkanımız var idi” - MÜSAHİBƏ
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçi Bernhard Lippertin apasport.az saytına müsahibəsi

- Milli komandamız bu gün İngiltərə ilə qarşılaşacaq. Oyuna hazırlıq necə keçib?
- Hər şey normaldır. Hazırlığa “Neftçi”nin oyunçuları olmadan başladıq. APOEL-lə qarşılaşmadan sonra həmin komandadan dəvət etdiyimiz futbolçular düşərgəyə qoşuldular. Deyə bilərəm ki, onlar artıq komandaya tam uyğunlaşıblar.

- Təlim-məşq toplanışı çərçivəsində yoldaşlıq oyunu keçirdiniz. AZAL-la matçda futbolçuların çıxışından razı qaldınızmı?
- Həmin oyunda nəticə bizim üçün əhəmiyyətli deyildi. Sadəcə, futbolçuların hansı durumda olduqlarını yoxlamaq istəyirdim. Sərəncamımızda olan bütün futbolçulara meydana buraxdıq və ingilislərlə oyunöncəsi özümüz üçün lazım olan nəticəni çıxardıq. Əsas sevindirici cəhətə odur ki, düşərgədə ciddi zədəsi olan futbolçu yoxdur. Bəzi oyunçuların xırda zədəsi var, amma onlar oynaya biləcək durumdadırlar. AZAL-la oyunda futbolçular tam güclərindən istifadə etmədilər. Xüsusilə də ikili mübarizələrdən yayındılar. Bir növ özlərini qorudular. Həm də bu qədər əvəzetmələrin həyata keçirilməsi, oyun keyfiyyəti baxımından daha yaxşı şeylərin tətbiq edilməsinə mane oldu.

- Əsas yığmanın hazırlığında iştirak edən 3 futbolçu sonradan U-21-ə göndərildi. Onlar necə, komandaya kömək edə biləcəklərmi?
- Bununla bağlı qəti söz demək tezdir. Onlara nə qədər ehtiyacımızın olub-olmayacağını oyunöncəsi biləcəyik.

- İngiltərənin son oyunlarını izləmisinizmi və rəqibə qarşı hansı tədbirləri görməyi planlaşdırırsız?
- Rəqibin bütün oyunlarını izləmişik. Heyətdə kimlərin yer almasından asılı olmayaraq, İngiltərə U-21-i Avropada bu yaş üzrə ən yaxşılardandır. Mümkün qədər onların oyunundakı axıcılığı pozmağa çalışacağıq. Eyni zamanda əks-hücumlarla onların qapısına yol tapmağa cəhd edəcəyik.

- Bu seçmə qrup mərhələsi çərçivəsində komandamızın son oyunudur. İndiyə qədər qazanılan nəticələr sizi qane edirmi?
- Qazanılan nəticələrdən razıyam. Sözsüz, daha çox xal toplamaq imkanımız var idi. Xüsusilə, Belçika ilə Bakıdakı qarşılaşmada 2 xal artıq qazana bilərdik. Təəssüf ki, həmin oyundakı üstünlüyümüzü sona yaxın əldən verdik. Bu gün qrupda topladığımız xallar hardasa komandanın gücünə uyğun göstəricidir. Digər tərəfdən yeniyetmə futbolçuların yarışında xal toplamaq ikinci dərəcəlidir. Əsas odur ki, U-21-in bir neçə oyunçusu yenidən milli komandanın heyətinə cəlb edilib.

- “Neftçi” ölkə futbolu tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı. U-21-in bir neçə futbolçusunun həmin klubun üzvü olduğunu nəzərə alaraq, bu uğur yığmanın oyununa müsbət mənada təsir göstərə bilərmi?
- Bu gün “Neftçi”nin heyətində gənc oyunçular var ki, onların əksəriyyəti Azərbaycanın aşağıyaşlı yığmalarının formasını geyinir. Onların bu cür oyunlarda iştirak etməsi, ab-havanı yaşaması yığma üzvlərinin təcrübə qazanmaları baxımından danılmaz faktdır. Ümid edirəm ki, həmin oyunçulardan bir neçə güclü komandalarla oyunlarda meydana çıxacaq, təcrübə qazanacaq. Həmin təcrübə bizə növbəti seçmə mərhələdə çox kömək edəcək. Əlbəttə, “Neftçi”nin Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanması Azərbaycan futbolu üçün müsbət amildir.

- Növbəti planlar necədir? İngiltərə ilə matçdan sonra komanda növbəti tsiklə qədər bir araya gələcəkmi?
- Oktyabr ayında İspaniyada turnir keçiriləcək. Həmin turnirdə 1992-ci il və daha gənc futbolçular iştirak edəcək. Bizim də həmin yarışda iştirakımız gözlənilir. Bundan başqa, noyabrda Moldova ilə yoldaşlıq oyunu keçirmək də nəzərdə tutulub. U-21-in planları ilə bağlı hələlik bunları deyə bilərəm.