“Neftçi”nin rəqibinə şok cəza verildi
05.09.2012 - 23:07
“Neftçi”nin rəqibinə şok cəza verildi
"Neftçi"nin Avropa Liqasındakı rəqiblərindən olan "İnter" cəzalanıb. Apasport.az saytının xəbərinə görə, buna səbəb italyan futbolçu Kristian Vyerinin Milan təmsilçisini məhkəməyə verməsi olub.

Belə ki, futbolçu onu dinlətdirən keçmiş komandasını və bu işdə vasitəçi olan "Telecom" şirkətini məhkəməyə verib. Dinləmə prosesi 2004-cü ildə baş verib. Məlumata görə, "İnter"in prezidenti Massimo Moratti oyunçusunun özəl həyatını, kiminlə yaşadığını və haralara getmək istədiyini öyrənmək istəyirmiş.

Bununla bağlı açıqlama verən Vyeri "Hər anım təqib edilirdi. Dəli olmaq dərəcəsinə gəlmişdim. Nə küçədə, nə də evdə rahat idim", deyib.

Pozulmuş hüququnu məhkəmədə bərpa etmək qərarına gələn Vyeri "İnter"dən 9, "Telecom" şirkətindən 12 milyon avro təzminat tələb edib. İtaliya məhkəməsi iddianı qismən təmin edərək "İnter"in Vyeriyə 1 milyon avro cərimə ödəməsinə qərar verib.