Berti Foqts: Bu, Azərbaycanda böyük problemdi...
06.09.2012 - 11:36
Berti Foqts: Bu, Azərbaycanda böyük problemdi...
“Hazırlıqdan çox razı qaldım. Futbolçular məşqçdə özlərini yaxşı göstərdilər”. Apasport.az saytının xəbərinə görə, bunu millimizin baş məşqçisi Berti Foqts deyib.

Azərbaycan yığması sabah 2014-cü il dünya çempionatının seçmə qrup mərhələsində ilk matçına çıxacaq. Bakıda İsrail millisi ilə qarşılacaq komandamızın almaniyalı çalışdırıcısı az öncə keçirdiyi mətbuat konfransında bildirib ki, artıq oyuna hazırdırlar.

“Respublika stadionunun öt örtüyü yaxşı vəziyyətdədilər. Futbolçular daha həvəslə çalışırdılar. Ötürmə zamanı top dəqiq ünvanına çatır. Bu səviyyəyə görə Azərbaycan Avropaya çatır. Mahir Şükürovun qızdırması var. Onun sabah oynayacağı dəqiq bilinmir.
Müdafiədə taktiki səhvlər etməsək yaxşı nəticə qazanacağıq. Sabah komandam Azərbaycan üçün əlindən gələnin ən yaxşısını edəcək. Rəqibin bir neçə futbolçusu Avropada oynayır. Yəni, İsrail yığması zəif komanda deyil” – deyə Foqts bildirib.

Foqts komandamızın 4 gündə 2 oyun keçirməsini böyük problem adlandırıb: “Biz FİFA-ya deyə bilmərik ki, 4 gündən bir oynaya bilmirik. Ona görə buna öyrəşməliyik”.
Almaniyalı çalışdırıcı bildirib ki, Portuqaliya yığması dünyanın ən güclü yığmalarından biridir: “Hətta İspaniya və Almaniyadan sonra ən yaxşıdır. Üstəlik, bir neçə saatlıq yol qət edəcəyik. Əsas oyunumuz sabah olacaq. Gəlin, bu haqda fikirləşək. Bizim geniş heyətimiz var. Seçim edə bilərik. Böyük həvəslə sabahkı qarşılaşmanı gözləyirik”.

Almaniyalı çalışdırıcı müdafiədən hücuma keçərkən yaranan problemə də toxunub: “Bəzi oyunçuların sürətində problem var. Həm də bu problem 10 günə həll olunası iş deyil. Futbolçular öz üzərlərində işləməlidirlər. Yaponiya ilə oyunda 4-5 belə epizodumuz oldu. Amma bundan istifadə edə bilmədik. Əgər biz sürətli futbolçu istəyiriksə, 12-13 yaşından həmin futbolçu buna hazırlaşmalıdı”.