Branimir Subaşiç: Elə gözəl oynayırdım ki...
06.09.2012 - 14:13
Branimir Subaşiç: Elə gözəl oynayırdım ki...
Azərbaycan millisinin və “Xəzər Lənkəran” klubunun futbolçusu Branimir Subaşiçin apasport.az saytına müsahibəsi

- Sabah DÇ-2014-ün seçmə mərhələsində ilk oyunlar keçiriləcək. İsraillə qarşılaşma haqda nə düşünürsünüz?
- Çox çətin olacaq. Həm seçmə mərhələnin ilk oyunudur, həm də rəqib güclü komandadır. Amma İsrail yığmasına hörmətlə yanaşsaq da, onlardan qorxmuruq.

- Azarkeşlərin əsas qol ümidlərindən biri sizsiniz. Onlar yenə qol gözləyirlər...
- Belə deməzdim. Komanda 11 nəfərdən ibarətdir. Matç komanda oyunu sayəsində qazanılır. Mən heç təxmini heyəti bilmirəm ki, “11lik”də olacağam, ya yox. Amma şans qazanacağım halda, əlimdən gələni edəcəyəm ki, qalib gələk.

- Amma son vaxtlar məhsuldarlığınızla seçilirsiniz...
- Qol vurmağım heç də yaxşı formada olmaq demək deyil. Ən yaxşı formada olduğum vaxtlarda elə gözəl oynayırdım ki... Amma qol vurmamışam. Əvəzində heç nə ilə seçilmədiyim qarşılaşmalarda qol vurduğum oyunlar da az olmayıb. İndi hiss edirəm ki, yaxşı formadayam. Amma daha yaxşı ola bilərəm. Bunun üçün çalışıram, məşq edib üzərimdə işləyirəm.

- Futbolsevərlər bu qarşılaşmada nəyə ümid edə bilər?
- Biz xalqı sevindirmək üçün hər şey edəcəyik. İnanıram ki, Azərbaycanı qələbə ilə sevindirə bilərik. Komandada əla əhval-ruhiyyə var. Hamımız oyuna köklənmişik. Məncə istənilən nəticəni əldə etməyimiz mümkündür.

- İsraillə oyunda heç-heçəni qənaətbəxş saymaq olarmı?
- Bilmirəm ki, nə deyim. Əlbəttə, heç-heçə də yaxşıdır. Amma biz meydana qələbə üçün çıxacağıq. Qələbə qazanmaq əzmindəyik. Ən əsası rəqibdən qorxmamaqdır. Qarşıda güclü Portuqaliya ilə oyun var. İndi yaxşı oynayıb nəticə qazanmalıyıq ki, səfərə yaxşı əhval-ruhiyyədə gedək.

- Səfərdə keçirəcəyiniz həmin matç haqda nə düşünürsünüz?
- Hələlik bu haqda düşünmürük. İndi bizim üçün ən vacib olan İsraillə qarşılaşmadır. Mərhələyə yaxşı başlamaq şansımız var ki, bundan yararlanmalıyıq.

- Yığmadan klub məsələlərinə keçək. “Xəzər Lənkəran” daha bir hücumçu – Betonu transfer edib...
- Bu haqda eşitmişəm. Transfer mən yığmanın düşərgəsində olan zaman gerçəkləşib.

- Bu rəqabətdən çəkinmirsiniz ki?
- “Xəzər Lənkəran”da futbolçu az idi. Bizə bəzi mövqelərin gücləndirilməsi lazım idi. Rəhbərlikdə bunu nəzərə alaraq düzgün addım atıb daha bir transfer edib. Komandada rəqabətin olması daha yaxşıdır.

- Sizin yığmada olduğunuz vaxt kluba qoşulan braziliyalı özünü yaxşı tərəfdən göstərə bilər. Bu sizin əsas heyətdəki yerinizi itirməyinizə səbəb ola bilər?
- Bu haqda heç düşünmürəm də.


- Bir müddət əvvəl Avropa Liqasının qrup mərhələsinin püşkü atıldı. Sizin vaxtilə oynadığımız “Neftçi”ni vətəniniz Serbiyanı təmsil edən “Partizan”la eyni qrupa düşdü...
- “Neftçi”nin uğuruna çox sevindim. Bu, Azərbaycan futbolunun ildən-ilə inkişaf etməsinin təcəssümüdür. Bakılılara qrupda uğurlar arzulayıram. İnanıram ki, gələcəkdə qrupda daha çox komandamız olacaq.

- “Neftçi”dən nə gözləyirsiniz?
- Qrupun aşkar favoriti “İnter”dir. Onlar haqda danışmağa belə ehtiyac yoxdur. Digər 3 komanda isə 2-ci yer uğrunda mübarizə aparacaq.

- Azərbaycanda ilk klubunuz olan “Neftçi” yaxşı tanıdığınız “Partizan”ı üstələyə bilərmi?
- “Partizan” adlı-sanlı, titulları kifayət qədər olan komandadır. Lakin indi Belqrad təmsilçisi o qədər də yaxşı vəziyyətdə deyil. “Neftçi” bundan yararlana bilər.