Beto ilk müsahibəsini “apasport”a verdi
06.09.2012 - 15:08
Beto ilk müsahibəsini “apasport”a verdi
“Xəzər Lənkəran” klubunun son transferi, “Beto” ləqəbli braziliyalı futbolçu Andre Roberto Suares da Silvanın apasport.az saytına müsahibəsi

- “Xəzər Lənkəran”a keçidiniz necə baş tutdu?
- Sərbəst futbolçu idim. “Xəzər Lənkəran” nümayəndələri məni tapıb, təklifini etdilər. Mən də razılaşıb, müqavilə imzalamağa gəldim.

- İndiyədək Azərbaycan, “Xəzər Lənkəran” haqda məlumatınız var idi?
- Bircə onu bilirdim ki, Yannik Kamanan Azərbaycanda çıxış edir, Jaba da əvvəllər oynayıb. Başqa məlumatım yox idi.

- Tanımadığınız ölkəyə transfer olunmağa razılıq verməzdən öncə tərəddüd etmədiniz?
- Xeyr. Agentim təklif haqda danışanda tərəddüdsüz razılaşdım.

- Həmin vaxt başqa təkliflər var idi?
- Bəzi Türkiyə klublarından təklif almışdım.

- Superliqadan idi, yoxsa 1-ci liqadan?
- Superliqa təmsilçiləri idi.

- Hansı klubları idi?
- Bu gün “Xəzər Lənkəran”dayamsa, əvvəl təklif aldığım klubların adlarını açıqlamağa ehtiyac yoxdur.

- “Xəzər Lənkəran”a üstünlük verməyinizin səbəbi nə idi?
- Agentim “Xəzər Lənkəran”ın planları, layihələri haqda məni məlumatlandırmışdı. Həm də 6 il Türkiyədə oynamışdım. Mühiti dəyişmək, özümü yeni bir məkanda sınamaq istəyirdim.

- Artıq neçə gündür ölkəmizdəsiniz. Təəssüratlarınız necədir?
- Bakı çox gözəl şəhərdir. Çox xoşuma gəldi.

- Bəs komanda haqqında?
- “Xəzər Lənkəran” yaxşı komandadır. Heyətində də güclü futbolçular var.

- Xeyli vaxt Türkiyədə çıxış etmisiniz. Azərbaycanla Türkiyəni müqayisə edə bilərsiniz?
- Azərbaycan və Türkiyə futbolunu müqayisə edəndə müəyyən fərq üzə çıxır. Türkiyə futbolu güclüdür.

- Azərbaycanda heç bir oyuna çıxmamış bunu nəyə əsasən deyirsiniz?
- Türkiyə klubları ilə təlim-məşq toplanışlarında olanda təmsilçinizlə görüşmüşəm.

- Hansı komanda ilə?
- Adını bilmirəm. Amma Jaba orada oynayırdı. Biz həmin oyunda qalib gəldik.

- İlk mövsüm üçün hədəfiniz nədir?
- Mümkün olan bütün titulları qazanmaq. Bununla da avrokuboklara vəsiqəni əldə etmək.

- Bəs fərdi? Məsələn, bombardir olmaq...
- Qol vurmaq! Özü də mümkün qədər çox. Bu qollarla da komandamın qələbələrində rol oynamaq.