9-cu ayın uğursuz 7-ci günü
06.09.2012 - 23:02
9-cu ayın uğursuz 7-ci günü
Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək. Apasport.az saytının məlumatına görə, DÇ-2014-ün seçmə mərhələsinin İsraillə görüşü yığmamızın tarixində 188-ci qarşılaşma olacaq.

1992-ci ildən bu yana 187 oyuna çıxan komandamız 20 ildə 34 qələbə qazanıbsa, 46 heç-heçə və 107 dəfə meydanı məğlub tərk edib. Bu isə o deməkdir ki, yığmamız UEFA-ya üzv olan Asiya təmsilçisi ilə qarşılaşmada yubiley - 35-ci qələbəsini qazana bilər.

İndiyədək 132 dəfə fərqlənən milli öz qapısında 332 qol görüb. “-200”ə bərabər olan top fərqini azaltmaq şansı yaxalayan komandamız son 2 matçda qol buraxmayıb.

Frankfurtda Andorra, Bakıda Bəhreynlə yoxlama oyunlarındakı “quru seriya”nı davam etdirmək əzmində olan komandamız Şizuokada Yaponiya yığmasına məğlubiyyətdən sonra uduzmayan futbolçularımız 212 dəqiqədir qol buraxmır. Sonuncu dəfə yığmamızı Şinji Okazaki məyus edib.

İndiyədək baş tutan qarşılaşmalardan 88-i DÇ və AÇ-lərin seçmə oyunu olubsa, millimiz 89-cu belə görüşünə çıxacaq. Bu qarşılaşmalarda 8 qələbəsi olan futbolçularımız 13 heç-heçə edib və 67 dəfə uduzub. Komandamız vurduğu 41 qolun qarşılığında 203 dəfə topu qapısından çıxarıb.

5-ci dəfə mundialın seçmə mərhələsinə qatılan yığmamız 39-cu oyunda 4-cü qələbə üçün çalışacaq. 3 qələbə, 7 heç-heçə və 28 məğlubiyyəti olan millimiz 12 top vurub və 74-nü buraxıb. Komandamız mundial seçmələrindəki son 2 oyununda uduzmayıb. Millimiz 2 il əvvəl Lixtenşteyni səfərdə 2:0 hesabı ilə udub və Rusiya ilə Bakıda 1:1 hesablı bərabərliyə qalıb.

İsraillə matç baş məşqçi Foqtsun bu postda 49-cu qarşılaşması olacaq. 2008-ci ilin martından fasiləsiz millinin “sükanı arxası”nda olan almaniyalı indiyədək 11 qələbəyə sevinib. Bu 4 ildən artıq müddətdə 12 heç-heçə görən Foqtsun komandası 25 dəfə meydanı başıaşağı tərk edib. Bu matçlarda yığmamız 40 qolun sevincini yaşayıbsa, 74 dəfə qapıçımız topu tordan çıxarıb.

Ardıcıl 3-cü seçmə mərhələdə iş başında olan Foqtsun yetirmələri 20 belə matçda 3 qələbə qazanıb, 3 heç-heçə edib və 14 dəfə uduzub. Komandamızın 14 qoluna rəqibləri 40 dəfə cavab verib. Komandamız uduzmamaqla Foqtsun seçmə mərhələlərdə 7-ci məğlubiyyətsiz oyunu olacaq.

Azərbaycan millisi tarixində 5-ci dəfə sentyabrın 7-də meydana çıxacaq. Amma 9-cu ayın yeddinci günü yığmamız üçün uğurlu deyil.

DÇ-2014-ün İsraillə Bakıda keçiriləcək qarşılaşmasınadək millimiz bu tarixdə qalib gəlməyib. Millimizin seçmə mərhələlər tarixində ilk oyunu olan Buxarest məğlubiyyəti, ardınca İtaliyaya Bakıdakı yenilgilər də sentyabrın 7-də qeydə alınıb.

Düzdür, Avstriya ilə Bakıda heç-heçə etmişdik. Lakin ardınca – növbəti 7 sentyabr tarixində darmadağına üzülmüşük: 2 il əvvəl Almaniya millisi komandamıza ağır zərbə vurub.

1994. Rumıniya – Azərbaycan – 3:0
2002. Azərbaycan – İtaliya – 0:2
2005. Azərbaycan – Avstriya – 0:0
2010. Almaniya – Azərbaycan – 6:1