“Mənim üçün “Xəzər Lənkəran”la oyun prinsipial deyil”
17.09.2012 - 10:17
“Mənim üçün “Xəzər Lənkəran”la oyun prinsipial deyil”
“Gərgin və maraqlı oyun oldu. “Xəzər Lənkəran” yaxşı komandadır. Düşünürəm ki, azarkeşlər oyundan zövq ala bildilər. Əsas odur ki, qələbə qazandıq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi” klubunun futbolçusu Cavid İmamverdiyev deyib.

“Ağ-qaralar” Premyer Liqanın V turunda əzəli rəqibi “Xəzər Lənkəran”la qarşılaşdı. Erkən qol buraxmasına baxmayaraq, sonradan vurduğu 2 qolla qələbə qazanan “Neftçi” Avropa Liqasının qrup mərhələsinin “Partizan”la səfər matçına yüksək əhval-ruhiyyədə yollandı.

İmamverdiyevin fikrincə, komandası əsl çempion kimi oynayıb: “Adımıza layiq mübarizə apardıq. Əsl çempion kimi oynadıq. Düzdü, bəzi səhvlərimiz oldu. “Partizan”la qarşılaşmayadək bu səhvləri aradan qaldırmağa çalışacağıq. Bu qarşılaşmanı hamı prinsipial sayır, amma mən belə deməzdim. Şəxsən mənim üçün “Xəzər Lənkəran”la oyun prinsipial deyil”. Rəqibin heyətində bir neçə dostumuz çıxış edir. Kişi kimi mübarizə aparıb, dostcasına ayrıldıq”.

Millimizin də üzvü olan yarımmüdafiəçi sentyabrın 20-də “Partizan”la səfər matçı haqda da danışıb: “Özümüzə çox güvənirik. Əsl komandayıq. Serbiyaya qələbə üçün gedirik və başqa heç nə düşünmürük. İnşallah, Vətənə qələbə ilə dönüb, azarkeşlərimizi sevindirəcəyik”