Julius Vobay: “Xəzər Lənkəran” əvvəlki kimi güclü deyil - MÜSAHİBƏ
17.09.2012 - 13:16
Julius Vobay: “Xəzər Lənkəran” əvvəlki kimi güclü deyil - MÜSAHİBƏ
“Neftçi” klubunun yarımmüdafiəçisi Julius Vobayın apasport.az saytına müsahibəsi

- Öncə “Xəzər Lənkəran”la görüş barədə fikirlərinizi bildirərdiniz...
- Adi oyun idi. Digər oyunlara necə, buna da eyni cür hazırlaşmışdıq. Təbii ki, qələbə qazanmaq istəyirdik və buna da nail olduq.

- Sabiq komandanızla qarşılaşmada hansısa həyəcan var idimi?
- “Xəzər Lənkəran”ın sabiq komandam olmasının heç bir əhəmiyyəti yoxdur. Keçmişə deyil, gələcəyə baxmalıyıq. Bu gün “Neftçi”nin formasını geyinirəm.

- İkili mübarizələr zamanı keçmiş komanda yoldaşlarınıza güzəştə gedirdinizmi?
- Meydana çıxanda belə şeyləri düşünmürük. Həm də, kimsə kimisə qəsdən zədələməz. Təbii ki, bizim kimi rəqib də qələbə qazanmaq istəyirdi. Ona görə onlar da sona qədər mübarizə apardılar.

- “Xəzər Lənkəran” əvvəlki kimi güclüdürmü?
- Onların oyununu izləmirəm, ona görə də heç nə deyə bilmərəm.

- Ən azı “Neftçi” ilə matçda nəyə qadir olduğunu gördünüz?
- Bu haqda ətraflı danışmaq istəmirəm. Onu deyə bilərəm ki, “Xəzər Lənkəran” əvvəlki kimi güclü deyil. Əvvəl daha yaxşı oynayırdı.

- 3 gündən sonra Avropa Liqasının qrup mərhələsinin oyunları start götürəcək. “Neftçi” necə start verəcək?
- Çalışacağıq ki, oyunlarda maksimum xal yığaq. Səfərə 3 xal qazanmaq üçün yollanacağıq.

- “Partizan”ın oyununu izləmisinizmi? Ümumiyyətlə, Serbiya futbolu haqda nə bilirsiz?
- Təbii ki, heç bir komanda məğlub olmaq haqda düşünmür. Amma onlar evdə oynayacaqlarına görə, çox çətin olacaq. Rəqib meydan amilinə görə, cüzi də olsa üstünlüyə malikdir.

- Qrupu necə dəyərləndirirsiz? “Neftçi” nəyə ümid edə bilər?
- Əlbəttə, qrupun favoriti “İnter”dir. Biz də çalışacağıq ki, hər oyunda aktivimizə xallar yazdıraq və ən yaxşı oyunumuzu göstərək.

- İlk dəfə olaraq “Neftçi” Avropa Liqasının qrup mərhələsindəki rəqiblərini Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək. Bu da 30 mindən artıq azarkeş dəstəyi deməkdir. “İnter”lə oyunda bunun “Neftçi”yə köməyi dəyəcəkmi?
- Təmirdən sonra Respublika stadionu çox dəyişib. Həmin arenada oynamağımızın müsbət təsiri olacaq. Ən azı normal bir qazonda çıxış edəcəyik. Bunun özü bir faktordur. Üstəlik, azarkeş dəstəyi də lehimizə olacaq.