“Neftçi” Belqrada uduzmağa getmir”
17.09.2012 - 23:03
“Neftçi” Belqrada uduzmağa getmir”
“Neftçi”nin yarımmüdafiəçisi Erik Ramosun apasport.az saytına müsahibəsi

- Premyer Liqanın V turunda “Xəzər Lənkəran”a qarşı keçirdiyiniz oyun haqda nə deyə bilərsən?
- Çox çətin oldu. Matçın gedişində hesabda geri düşdük ki, bu da bizim üçün yaxşı hal deyildi. Amma fasiləyədək hesabı bərabərləşdirdik. İkinci hissədə isə qələbə topunu vurduq.

- Hesabda geri düşməyiniz hansısa gərginlik yaratmışdımı?
- Xeyr, çox rahat oynayırdıq. Özümüzə əmin idik. Buna görə də əvvəlcə hesabı bərabərləşdirdik, ardından isə qələbə qazandıq.

- Azarkeşlər bu qarşılaşmanı “Böyük oyun” adlandırırlar. Matçdan əvvəl hansısa gərginlik, həyəcan var idimi?
- Həyəcanlı olduğumuzu deməzdim. Ancaq yüksək səviyyəli qarşılaşmaya çıxdığımızı bilirdik. Digər yandan gücümüzə əmin idik. Yekunda istədiyimiz nəticəni əldə etdik.

- 2 neçə gündən sonra komandanız Avropa Liqasının qrup mərhələsində mübarizəyə başlayacaq. Oyuna hazırsınızmı?
- “Neftçi” bura gələnə qədər üç mərhələdən keçib. Təbii ki, “Neftçi”nin Avropa Liqasının qrup mərhələsində yer alması bizim qədər Avropa üçün də önəmlidir. Çıxışımızla azarkeşlərimizi sevindirməyə çalışacağıq.

- İlk oyunda “Partizan”la qarşılaşacaqsız. Serbiya təmsilçisinin üzvləri bu oyuna ciddi əhəmiyyət verirlər. Onlar açıqlamalarında “Neftçi”yə uduzmağı ağıllarından belə keçirmədiklərini qeyd edirlər. Bu matç haqda nə düşünürsüz?
- APOEL-lə necə oynamışdıqsa, onlara qarşı da həmin oyunu sərgiləyəcəyik. Biz ora uduzmaq üçün getmirik.

- Rəqibin hansısa oyununu izləmisinizmi?
- Xeyr. Ancaq internet vasitəsilə müəyyən məlumat toplamağa, oyunlarınız izləməyə çalışacağıq.

- “Neftçi”nin yer aldığı qrupu necə dəyərləndirirsiz?
- Əvvəla qeyd edim ki, şansımız yox deyil. APOEL-lə qarşılaşmadakı kimi, çıxış etsək, yaxşı nəticələr qazanacağıq. Oynamadan konkret heç nə demək olmaz. Şansımız hər zaman var.

- “İnter”, “Rubin” və “Partizan”la bir qrupda yer alan “Neftçi”nin növbəti mərhələyə yüksəlmək şansına necə baxırsınız?
- Düzdür, qrupun favoriti kimi Milan “İnter”inin adını çəkirlər. Onlar lider olsalar, bizim ikinci pillənin sahibi kimi qrupdan çıxmaq şansımız var.

- AFFA prezidenti Rövnəq Abdullayev komanda üzvləri ilə görüşdü. “Partizan”la oyunöncəsi bu görüş komandaya necə təsir etdi?
- Mənim üçün yaxşı oldu ki, AFFA prezidentini tanıdım. Görüş çox gözəl təəssüratlar yaratdı. Həm də vacib bir insanla görüş komandaya mütləq müsbət mənada təsir edir. Düşünürəm ki, bu görüş “Partizan”la öyunöncəsi bizim xeyrimizə oldu.

- “Neftçi”nin mövsümlərarası fasilədə ən yaxşı transferi kimi sizin adınızı tez-tez qeyd edirlər. Komandaya tam uyğunlaşa və potensialınızı aça bilmisinizmi?
- Üzərimə düşəni ən yaxşı şəkildə yerinə yetirməyə çalışıram. Mənim üçün “Neftçi”nin ən yaxşı transferi Bruno Bertuççidir.

- Transfer zamanı klub haqda ona deyilənlərlə burada gördükləri üst-üstə düşdümü?
- Bəli, deyilənləri əyani olaraq burada gördüm.

- Bakı haqda təəssüratların necədir?
- Həqiqətən də çox yaxşı şəhərdir. Müasir və maraqlı paytaxtınız var.