İstefanı düşünmürlər, verirlər!
18.09.2012 - 10:11
İstefanı düşünmürlər, verirlər!
Axşamınız xeyir! Necəsiz? Qurban bəy, ölkədə xətrini üstün tutduğum insanlardansız. Buna şübhəniz olmasın. Bugünkü (dünənki – R.F.) hərəkətiniz nüfuzunuz və imicinizə böyük zərbə vurdu. “Gedirəm” deyən insan, gedər, dediyindən dönməz. Getməyəcəkdizsə, istefadan danışmazdız. Hörmətlə Rəşad Fərhadoğlu.

Gün ərzində çox düşündüm, götür-qoy etdim. Sonda mesaj yazmaq qərarına gəldim və yazdım. Yəni, dediyimi etdim. Elə yazının ilk hissəsində qeyd etdiklərim Qurban Qurbanova yazdığım sms-in “kopyası” idi.

Ötən gün “Qarabağ”da nəsə baş verə bilərdi. Vermədi. Çünki baş məşqçisi bir addım irəli, iki addım geri atdı. İstefadan söhbət açıb, ona əks istiqamətdə qaçdı.

Əslində, Qurban Qurbanovun istefa verməyəcəyi dəqiq idi. Axı istefa vermək məqamı AZAL-a yenilən gün, məkanı isə “AZAL-Arena” idi. İstefa orda baş vermədisə, deməli, sonra baş verə bilməzdi. Sonrakı istefa qovulma anlamı daşıyardı.

Məsələnin ən maraqlı məqamı Qurbanovun istefa haqda fikirləşdiyini dilə gətirməsi idi. Bir insan əgər istefa haqda düşünürsə, deməli, onu etməyin məqamıdı. “Qarabağ”ın baş məşqçisi isə klassik azərbaycanlı gedişi etdi. Yəni, istefa vermədi. Onu beyninə gətirməklə, funksiyasını bitmiş hesab etdi.

AZAL darmadağının ardından “Ya bəzi futbolçular gedəcək, ya da mən” cümləsini dilə gətirməklə, Qurban bəy görəsən nəyə işarə vururdu? Yüz faiz əminəm ki, heyətin formalaşdırılmasına yalnız baş məşqçi cavabdehdi və onun işinə heç kim qarışmır.

Qurbanov yəni öz gətirdiyi futbolçularla bacara bilmir ki, bu haqda ictimaiyyət qarşısında danışır? İnanmıram. Söz və yetki sahibi özüdü. İstədiyi vaxt heyəti bütövlükdə buraxa bilər. Yeri gəlmişkən, bu şansı Azərbaycanın hansısa başqa klubunda əldə etmə ehtimalı sıfıra bərabərdi, bizim Qurban bəyin. Elə isə günah baş məşqçinin özündədi: ya seçimi doğru deyil, ya da addımı gecikmişdi.

Qurban müəllim, oyunu futbolçular udur, baş məşqçi uduzur. AZAL yenilgisini futbolçularının ayağına yazmağınız absurd idi. Etiraf yaxşı şeydi. Axı siz həmkarlarınızın böyük əksəriyyətindən fərqli, pulu hər şeydən üstün tutan insan deyilsiz. Yüz faiz əminəm.

“Qarabağ” pley-off mərhələsinə çıxanda ölkə başçısı şəxsən sizi arayıb, təbrik etmişdi. Bu sizə olan diqqətin və hörmətin, eləcədə perspektivinizə inamın nəticəsi idi.

Darmadağının ardından istefa versəniz də, verməsəniz də, sizə olan hörmət itəsi deyildi. Çünki yazılan tarix bir günə pozulmur. Amma istefanın öz gözəlliyi və çəkisi var. “Kişi kimi dedi və etdi” cümləsinin çəkisi böyükdü, çox böyük.

“Qarabağ”la münasibətlərinizə gəlincə, Fatih Terim “Qalatasaray”dan bir neçə dəfə gedib. Amma yenə əfsanələşdiyi və əfsanələşdirdiyi komandadadı. Odu ki, “Qarabağ”dan getməniz dünyanın sonu olmayacaqdı. Bir daha bu komandaya dönə bilərdiz, özü də daha güclü mövqedə.