Muarem Muarem: Bir də belə qəza olmayacaq
18.09.2012 - 15:18
Muarem Muarem: Bir də belə qəza olmayacaq
“Oyun vaxtı ombamda kəskin ağrı hiss etdim. Amma müayinə zamanı ciddi bir şey çıxmadı”. Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu Muarem Muarem deyib.

Ağdam təmsilçisinin 23 yaşlı yarımmüdafiəçisi hesabat turunda AZAL-a 2:6 hesablı məğlubiyyət olduqları oyunun gedişində zədələnərək meydanı vaxtından əvvəl tərk etmişdi.

Cari mövsümdə 2 qol vuran makedoniyalı bildirib ki, növbəti tur üçün hazırlıqlara qatılacaq: “Artıq ağrılar səngiyib. Sabahdan etibarən “Turan”la oyunun hazırlıqlarında iştirak edəcəyəm”.

Muarem klubunun rəsmi saytına böyükhesablı məğlubiyyətlə bağlı açıqlama da verib: “Hər halda, AZAL özü də belə qələbə qazanacağını gözləmirdi. Bu oyun bir qəza idi. Əmin ola bilərsiz ki, bir də belə bir şey təkrarlanmayacaq. Həm də dərs çıxarmaq şərti ilə bu oyunu unutmalıyıq. Çempionat yeni başlayıb və biz hədəflərimizə köklənməliyik”.

Muarem bildirib ki, növbəti matçlarda “Qarabağ” öz sözünü deyəcək: “Qarşıda bizi 3 ağır səfər oyunu gözləyir. Azərbaycan çempionatının ən maraqlı özəlliyi ondan ibarətdir ki, hamının xal qazanma ehtimalı var. “Turan”la qarşıdan gələn oyun çətin olacaq. Amma Tovuzla yanaşı, Gəncə və Zaqatalada da 3 xal üçün meydana çıxacağıq. “Qarabağ”ın sözünü deməsi üçün yetərincə imkanı olacaq”.