“Neftçi”ni Serbiyada sabiq futbolçusu qarşıladı
18.09.2012 - 16:07
“Neftçi”ni Serbiyada sabiq futbolçusu qarşıladı
Azərbaycanı Avroliqada təmsil edən “Neftçi” bu gün Serbiyaya yollanıb. Apasport.az saytının Belqrada ezam olunmuş əməkdaşının məlumatına görə, turnirin qrup mərhələsində ilk oyununda sentyabrın 20-də “Partizan”ın qonağı olacaq təmsilçimiz təyyarə ilə 3 saatlıq 30 dəqiqəlik yol qət edib. Saat 11:00-da AZAL Hava Şirkətinin təyyarəsi ilə çarter reysi ilə səfərə çıxan 61 nəfərlik nümayəndə heyətinə “Neftçi”nin prezidenti Sadıq Sadıqov rəhbərlik edirdi. Onların arasında komanda üzvləri ilə yanaşı, media nümayəndələri də vardı. “Neftçi”nin üzvlərinin kostyumlarında Avroliqanın emblemi olan döş nişanlarının olmağı diqqət çəkirdi.

Bizləri gətirən təyyarə yerli vaxtla saat 11:30-da (Bakı vaxtilə saat 14:30-da) Belqraddakı Nikola Tesla adına Beynəlxalq Hava Limanında endi. Təyyarənin ekipaj heyəti komandamıza uğurlar diləyərək, onu Bakıya qələbə ilə qayıtmaq arzusu ilə yola saldı. Təyyarədən düşəndən sonra pasport qeydiyyatından keçmək üçün çox ləngimədik.

Hava limanında “Neftçi”ni qarşılayanlar arasında ona və bizlərə çox yaxşı tanış isim vardı. Söhbət vaxtilə uzun müddət komandanın əsas qapıçısı olmuş Vladimir Miçoviçdən gedir. Artıq futbol karyerasını başa vuran 37 yaşlı serbiyalı vətənində köhnə komandasını qarşılayırdı. “Neftçi”nin rəhbərliyi, məşqçiləri, futbolçuları ilə səmimi görüşən Vladimir onlarla qısaca ayaqüstü söhbətləşdi.

Qeyd edək ki, “Neftçi” Serbiya paytaxtında beşulduzlu “Hyatt Regency Belgrade” otelində məskunlaşıb. Hazırda Belqradda havanın temperaturu 23 dərəcədir.

Mehman SÜLEYMANOV
Belqrad