Zohair Benouahi çempionluqdan dəm vurur
18.09.2012 - 16:11
Zohair Benouahi çempionluqdan dəm vurur
“AZAL ötən tur “Qarabağ” üzərində möhtəşəm qələbə qazandı. AZAL peşəkar futbolçulardan təşkil olunmuş güclü komandadır. “Qarabağ” üzərində qələbə qazanmağımızın əsas səbəbi oyun boyu nizam-intizamı itirməməyimiz oldu”. Apasport.az saytının məlumatına görə, bu sözləri AZAL-ın yarımmüdafiəçisi Zohair Benouahi deyib.

Premyer Liqanın V turunda ən gözlənilməz nəticə AZAL - "Qarabağ" matçında qeydə alındı. "Təyyarəçilər"in Ağdam təmsilçisi üzərində 6:2 hesabı ilə inamlı qələbə qazanması hər kəsin diqqətini AZAL-a yönəltdi. Hazırda 10 xalla turnir cədvəlinin lideri olan AZAL-ın "Qarabağ"la oyundakı qəhrəmanlarından biri Benouahi PFL-in rəsmi saytına verdiyi açıqlamada uğurların ardının gələcəyinə inandığını bildirib:
“Həmin oyunda qol vurduğum üçün şadam. Cari mövsüm yeni başlayıb. Cəmi 4 tur geridə qalıb. Düzdür, AZAL hazırda turnir cədvəlinin lideridir, ancaq qarşıda uzun və çətin yol var. Biz çalışacağıq ki, çempionatın sonunda da AZAL turnir cədvəlinin lideri olsun. Komandanın heyətində yüksək fərdi bacarığa malik futbolçular var. Çempionatda uğurlu start götürdük. 4 oyuna topladığımız 10 xalla ilk pillədə yer alırıq. Bunun davamının da gələcəyinə inanıram”.
Futbolçu özü barədə danışarkən, qol vurmaqdan çox ötürmə verməyi sevdiyini deyib: “Cari mövsüm mənim üçün də uğurlu başladı. Rəqib qapılarına 4 qol vura bilmişəm. İnanıram ki, yenə də qollar vuracam. Ancaq mən qol vurmaqdan daha çox ötürmə verməyi üstün tuturam. Növbəti turda “İnter” ilə qarşılaşacağıq. Rəqibimiz güclü komandadır, çox yaxşı futbolçuları var. Mənim keçmiş komanda yoldaşım Tales Şütz də “İnter”in şərəfini qoruyur. Şütz çox yaxşı futbolçudur. Onun yeni komandası ilə uğur qazanacağına inanıram. “İnter”lə oyunda da əlimizdən gələni edib turnir cədvəlindəki mövqeyimizi qorumağa çalışacağıq”.