Flavinyo: Yaxşı futbolçunun qiyməti qalxacaq - MÜSAHİBƏ
19.09.2012 - 00:03
Flavinyo: Yaxşı futbolçunun qiyməti qalxacaq  - MÜSAHİBƏ
Avroliqanın qrup mərhələsində debüt edəcək “Neftçi” klubunun braziliyalı futbolçusu Flavinyonun apasport.az saytının Belqrada ezam olunmuş əməkdaşına müsahibəsi

- “Neftçi”nin əsas qol ümidi olduğunuzdan, Avroliqada məsul sınaq öncəsi əsas diqqətlər sizə yönəlib. Bu mənada özünüzü necə hiss edirsiniz?
- “Partizan”la səfər oyunu öncəsi diqqət tək mənə yox, bütün komandaya yönəlib. Ancaq mən xoşbəxtəm ki, son oyunda qol vuraraq, “Neftçi”yə qələbə gətirdim. Avroliqada bundan əvvəlki oyunumuz da səfərdə idi. Onda Kiprin APOEL klubuna qalib gəldik. Bu dəfə də qələbə qazanmağa, səfərdən yaxşı nəticə ilə qayıtmağa çalışacağıq.

- Komandamız kimi siz də Avroliqanın qrup mərhələsində debüt edəcəksiniz. Turnirin bu mərhələsi karyeranızda hansı yeri tutur?
- Avroliqanın qrup mərhələsində oynamaq mənim üçün çox vacibdir. Azərbaycana gələndə bu haqda təsəvvür belə etməzdim. Ancaq bu, məndən çox “Neftçi”, bütün Azərbaycan üçün önəmlidir. Hər kəs bu məsuliyyəti başa düşür. Artıq qrup mərhələsinin iştirakçısıyıq və burada Azərbaycanı yaxşı təmsil etməyə çalışacağıq.

- Bu mənada start çox vacibdir. “Partizan”la oyundan nə gözləyirsiniz?
- Rəqibimizin internetdə bir neçə oyununa baxmışıq. Onu hələ dəqiq olaraq tanımıram. “Rubin”lə “İnter”i daha yaxşı tanıyıram, nəinki “Partizan”ı. Ancaq əlbəttə, qrup mərhələsinə düşübsə, yaxşı komandadır. Bura zəif komanda düşə bilməz.

- Rəqibi yaxşı tanımamaq bizim ziyanımıza işləyə bilərmi?
- APOEL-i də yaxşı tanımırdıq, videoyazılarına baxmışdıq. Ancaq ona qalib gəlməyimiz alındı. Bilirik ki, rəqibin heyətində yaxşı futbolçuları var. Təbii ki, hər bir komandaya qarşı oynamamışdan öncə onun matçlarının videoyazılarına baxmaq yaxşı olur və bunu etməyimiz nəzərdə tutulub.

- Şəxsən siz “Partizan”la səfər matçından hansı nəticəni gözləyirsiniz?
- Təbii ki, qələbə qazanmağımızı istəyirəm. Çünki bundan sonra “İnter”lə ev oyunumuz var və həmin matç öncəsi yaxşı nəticəyə ümid edirik. “İnter”ə qarşı oyunumuz daha ağır olacaq. Bu mənada qrupda mübarizəyə qələbə ilə başlamaq daha yaxşı olardı.

- “Neftçi”nin heyətində avrokuboklarda qol hesabınızı Kiprdə tarixi qələbədə açdınız. Bunun ardını gətirə biləcəksiniz? Azarkeşlər sizdən nə gözləsinlər?
- Mən onu söz verə bilərəm ki, “Neftçi” Belqradda yaxşı nəticə qazanmaq üçün əlindən gələni edəcək, yüz faiz gücünü qoyaraq oynayacaq. Hamıdan çox futbolçular bu oyunu udmaq istəyirlər.

- Siz “Neftçi”yə gəldiyinizdən sonra gələcəkdə məhz avrokuboklarda uğurlu çıxışla diqqət mərkəzinə düşüb, Avropanın aparıcı klublarına keçmək istədiyinizi gizlətməmisiniz. Bu mənada bütün hamının, xüsusilə menecerlərin diqqət mərkəzində olacağı qrup mərhələsinin oyunları sizin üçün yaxşı bir fürsətdir və bu şansdan yaxşı istifadə edib, qabağa gedə bilərsiniz...
- Bilirəm ki, bu oyunlar futbolçuların qiymətinə çox böyük təsir edəcək. Hamı baxır və təbii ki, yaxşı oynayan futbolçuların qiyməti qalxacaq. Mən də yaxşı oynamaq, qol vurmaqla buna çalışacağam.

Mehman SÜLEYMANOV
Belqrad