Rəşad Sadiqov: “Partizan” bizdən çəkinir - MÜSAHİBƏ
19.09.2012 - 11:12
Rəşad Sadiqov: “Partizan” bizdən çəkinir  - MÜSAHİBƏ
Azərbaycanın Avroliqadakı təmsilçisi olan “Neftçi”nin kapitanı Rəşad Sadiqovun apasport.az saytının Belqrada ezam olunmuş əməkdaşına müsahibəsi

- “Xəzər Lənkəran” üzərində əzmkar qələbədən sonra düşərgədə əhval-ruhiyyə necədir? Serbiyaya hansı motivasiya ilə gəlmisiniz?
- Açığı, doğrudan da yaxşı əhval-ruhiyyədəyik. Çünki “Xəzər Lənkəran” üzərində qələbədən sonra komandada ab-hava daha da yaxşılaşıb. İnşallah, qələbə ilə qayıtmaq üçün əlimizdən gələni edəcəyik.

- Bizdə adətən istər yığma, istərsə də klub səviyyəsində səfər oyunlarında qələbə qazanmaq çətin olur. Yəqin ki, özünüzə belə inam APOEL-lə Kiprdəki qalib gələndən sonra yaranıb...
- Avrokuboklarda uduzmadığımız son 3 oyun göstərdi ki, komandamız hər bir rəqibə qarşı tam hücum futbolu oynaya bilər, qorxu yoxdur. Kiprdəki qələbədən sonra həqiqətən də özümüzə inam daha da artıb. Necə deyərlər, iştaha dişin altındadır və istəyirik ki, hər oyuna çıxanda qələbə qazanaq. Bu, istər səfərdə, istərsə də evdə olsun. Ona görə də Belqraddakı oyunda ancaq qələbə üçün oynayacağıq.

- Burada heç-heçə etsəniz də, pis nəticə sayılmayacaq. Bu mənada hücum futbolu oynayıb, irəli atılmaq ziyanımıza işləməz ki?
- Bilirəm ki, Serbiyada heç-heçə etsək, bu, pis nəticə olmayacaq. Çünki qrupda hər bir xal yaxşı nəticə sayılacaq. Sadəcə, biz Belqrada heç-heçə yox, qələbə qazanmaq üçün gəlmişik. Ancaq necə oynayacağımızı, hansı taktikaya üstünlük verəcəyimizi baş məşqçimiz bizə deyəcək. Biz də qurulan bu taktikaya əsasən onun tapşırıqlarını meydanda yerinə yetirəcəyik.

- “Partizan” təsəvvürünüzdə necə komandadır?
- Belqradda olduğumuz müddətdə rəqibin oyunun disklərinə baxıb, təhlil edirik. Məşqçilər buna əsasən necə oynayacağımızı müəyyənləşdirirlər. Hər halda, “Partizan” ölkəsinin son çempionudur və qrup mərhələsinə düşməyi gücünü göstərir.

- “Partizan” o dərəcədə nəhəng komanda olmadığından, onunla başabaş oynamaq olar...
- Bəli, “Partizan” qrupumuzda digər rəqib olan İtaliya “İnter”i kimi gücünə görə nəhəng, adlı-sanlı komanda deyil. Sadəcə, qrupa düşübsə, deməli, güclüdür. Qrupda oynayan bütün komandaların gücü bəllidir. Hər bir güclü komanda kimi, “Partizan”a qarşı da oynamaq olar.

- Bu mənada meydanda bir kapitan kimi sizdən çox şey asılıdır. Özünüzü tam fərqli, ilk dəfə oynayacağımız qrup mərhələsinin matçına nə dərəcədə hazır sayırsınız?
- Qrup mərhələsində oynamaq hər bir futbolçunun arzusudur. Biz də bu arzuya çatmışıq. İnşallah, hər bir oyuna böyük məsuliyyətlə çıxacağıq. Qrupda oyunlarımızı elə keçirək ki, “Neftçi”nin bura düşməyinin təsadüfi olduğunu deməsinlər. Nə qədər çox xal toplamaq, hər bir komandadan xal almaq, məğlub ayrılmamaq üçün əlimizdən gələni edəcəyik. İnşallah, bunun nə dərəcədə alınacağını zaman göstərəcək.

- Sizcə, “Partizan” “Neftçi”yə qrup mərhələsinin debütantı kimi yuxarıdan aşağı baxmır ki?
- Yox. İnanmıram ki, belə olsun. “Partizan” bizə yuxarıdan aşağı baxsaydı, “Xəzər Lənkəran”la oyunumuza gəlib baxmazdılar, bizi izləməzdilər. APOEL-lə oyunumuzun, çox matçlarımızın disklərinin alıb baxıblar. Bu da “Partizan”ın bizdən bir az çəkindiyini göstərir. Onlar nəticə qazanmaq üçün bizə yaxşı baxmaq, komandamızı ciddi təhlil etmək istəyirlər. Məşqçiləri, futbolçuları da deyib ki, “Neftçi” yaxşı rəqibdir, heç kim onlara zəif deyə bilməz. Buna görə də “Partizan” bizə zəif rəqib kimi baxmır.

- Aydın məsələdir ki, “İnter” qrupumuzun aşkar favoriti kimi, ilk yerə əsas namizəddir. “Neftçi”nin qrupda 2-ci yeri tutmaq, ümumiyyətlə, çoxlu xal toplamaq perspektivinə necə baxırsınız?
- Doğrudan da qrupa düşməyi çox istəyirdik. İndi də qrupdan çıxmağı çox arzulayırıq. Allah özü bu işdə bizə kömək olsun. Oyunlara yaxşı hazırlaşaq və qrupdan çıxaraq, xalqımızı yenidən sevindirmək üçün əlimizdən gələni edəcəyik.

Mehman SÜLEYMANOV
Belqrad