Saşa Stamenkoviç: Mənə görə stadion dolacaq – MÜSAHİBƏ
19.09.2012 - 13:04
Saşa Stamenkoviç: Mənə görə stadion dolacaq – MÜSAHİBƏ
“Neftçi” klubunun serbiyalı qapıçısı Saşa Stamenkoviçin apasport.az saytının Belqrada ezam olunmuş əməkdaşına müsahibəsi

- Qrup mərhələsində debüt edəcəyiniz məkan sizin üçün adi bir yer deyil. Axı siz “Partizan”la səfər oyunu üçün vətəninizə gəlmisiniz. Bu mənada təəssüratlarınızı bilmək maraqlıdır...
- Əlbəttə, doğma torpağa gəlmək xoşdur. Mənə ikiqat xoş olan “Partizan”la oyuna gəlməyimdir. Çünki mən bu komandanı çox yaxşı tanıyaraq, ona qarşı oynamışam.

- Özü də “Srvena Zvezda”nın “Partizan”la oyunları Serbiyada əsas derbi sayılır...
- Elədir. İndi “Neftçi”nin heyətində “Partizan”ın meydanına çıxacağam. Bilirsiniz, Serbiyada çox insanlar “Srvena Zvezda”nı sevir, “Partizan”ın tərəfdarları azdır.

- Tale elə gətirdi ki, yenə ona rəqib olacaqsınız...
- “Srvena Zvezda”la “Partizan” arasında oyunlar həmişə prinsipial olub. Burada “Partizan”a qarşı, ancaq bu dəfə başqa komandanın heyətində oynamaq, stadiondakı atmosfer mənim üçün maraqlı olacaq.

- Belqradı təmsil edən bu komandalar arasında prinsipiallıq nədən irəli gəlir? Bu dueli Azərbaycanda əsas derbi sayılan “Neftçi” – “Xəzər Lənkəran”la necə müqayisə edərdiniz?
- “Srvena Zvezda” ilə “Partizan” Serbiyanın ən köklü, adlı-sanlı klublarıdır. Onlar daim barışmaz rəqiblər olub, bir-birlərini sevmirlər və aralarında matçlar həmişə sərt mübarizə şəraitində keçib.
Azərbaycandakı derbilərdə, “Neftçi” – “Xəzər Lənkəran” oyunlarında belə problem olmur.

- İndi vətəndən kənardan çıxış etsəniz də, “Partizan”ın azarkeşləri sizi yaxşı xatırlayaraq, xoş münasibət göstərməyəcək. Hər halda, siz “Srvena Zvezda”nın yetirməsiniz...
- Bəli, bunu bilirəm. Stadionda diqqətçəkən atmosfer mənim meydanda olmağıma görə olacaq. Əgər Azərbaycanın başqa komandası “Partizan”la oyuna gəlsəydi, 30 minlik stadionda uzağı 10 min nəfər olardı. Ancaq mənim bu matçın iştirakçısı olacağıma görə stadionun dolacağını gözləyirəm.

- “Srvena Zvezda”nın azarkeşlərinin sizi dəstəkləmək üçün stadiona gələcəyi gözləniləndir. Sizcə, “Partizan”la budəfəki oyununuzda stadionda atmosfer necə olacaq?
- Fikrimcə, yaxşı atmosfer olacaq. Hər halda, bu, “Srvena Zvezda” – “Partizan” oyunu deyil, Avroliqanın qrup mərhələsinin matçıdır. Belqrad derbisində atmosferi isə sözlə izah etmək olmur. Onu gərək görəsən.
“Srvena Zvezda” ilə “Partizan” arasında münasibətlərin gərginliyinin səbəbini bilmirəm. Bunun tarixi hələ ata-babalarımızın vaxtına gedib çıxır. Əsas odur ki, Serbiyada 70 faiz “Srvena Zvezda”ya, 30 faiz “Partizan”a tərəfkeşlik edir.

- Hər halda, “Srvena Zvezda” Serbiyanın ən titullu klubudur, Avropada uğurları olub, vaxtilə Çempionlar Kubokunu qazanıb...
- Bəli. “Srvena Zvezda” Serbiyada böyük klubdur. Onu burada “Partizan”dan üstün tuturlar. “Srvena Zvezda”nın azarkeşlərini məni dəstəkləməyə gələcəklərini gözləyirəm.

- “Partizan”a qarşı öz oyunlarınızı necə xatırlayırsınız? Onlar sizin üçün nə dərəcədə uğurlu olub?
- “Partizan”la oyunlarımızın dəqiq statistikasını xatırlamasam da, “Srvena Zvezda”nın bu matçlarda daha çox qalib gəldiyini, az uduzduğunu bilirəm. Mən gənc yaşlarımda bu oyunların iştirakçısı olmuşam.
Uşaqlıqdan “Srvena Zvezda”nı sevmişəm, onun yetirməsi olmuşam.

- “Neftçi”nin heyətində “Partizan”a ən yaxşı tanıyan sizsiniz. Rəqibinizi necə xarakterizə edərdiniz?
- “Partizan” güclü komandadır. Heyətində gənc yaxşı futbolçular çoxdur və Serbiya yığmasına cəlb olunurlar. Onlar Avropa skautlarının diqqət mərkəzindədir. “Partizan” sürətli oyuna üstünlük verir. Bu, xüsusilə ilk 15-20 dəqiqədə özünü göstərir. Həmin vaxt rəqib komandalara onun sürətli hücumlarının, təzyiqinin qarşısını almaq çətin olur. “Partizan” bir sürətli hücumu ilə oyunun taleyini həll edə bilər. Onun heyətində Saşa İliç kimi təcrübəli futbolçu var. Vaxtilə “Qalatasaray”da və Serbiya yığmasında oynayan bu yarımmüdafiəçi çox yaxşı ötürmələrə malikdir. O, bir dəqiq ötürməsi ilə rəqib qapısı qarşısında gərginlik yarada bilən futbolçudur.

- “Neftçi” “Partizan”la oyunda əsas nəyə diqqət yetirməlidir? Belə atmosferdə hansı nəticəyə ümid edə bilər?
- Əgər biz start təzyiqinə, sürətli hücumlara davam gətirsək, sonradan işimiz asanlaşacaq. “Partizan” sürətli startından sonra tədricən yorulur. Biz bu komandaya qarşı APOEL-ə oynadığımız kimi oynamalıyıq. Yəni hər futbolçu meydanda sonadək bütün gücünü qoymalıdır. Meydanda güclü mübarizə olacaq. “Partizan”la oyunda uğurun tərəfimizdə olmağı çox vacibdir. APOEL-lə 1:1 hesabı ilə nəticələnən Bakıdakı oyunda yaxşı oynasaq da, bəxt həmin gün bizim tərəfdə deyildi. Nəticədə çoxlu qol imkanlarından istifadə edə bilmədik. Ancaq Kiprdəki cavab matçında yaratdığımız qol imkanlarından yaxşı yararlana bilərək, qalib gəldik. Belqradda da belə oynasaq, şanslarımızdan istifadə edə bilsək, yaxşı nəticə qazana bilərik. Ancaq buna nail olmaq çətin olacaq. Sözsüz ki, “Partizan” öz meydanındakı oyunun favoritidir.

- Püşkdən sonra Serbiya mətbuatında fikirlərinizdə “Partizan”ın hazırda “Neftçi”dən zəif olmağı, qrupun autsayderi saymağınız yer almışdı...
- Komandamızın heyətində səviyyəli futbolçular, legionerlər çoxdur. Onlar özlərini göstərə bilsələr, səfərdə yaxşı nəticəyə ümid edə bilərik. Mən Serbiya futboluna yaxşı bələdəm. “Partizan” haqda dediklərim daha çox psixoloji təsirlə bağlıdır.

- Şəxsən sizin üçün “Srvena Zvezda”nın bir keçmiş futbolçusu kimi “Partizan”a qarşı oynamaq psixoloji baxımdan çətin olmayacaq?
- Yox. Mən peşəkar futbolçuyam və özümü oyuna hər, o cümlədən psixoloji planda hazır sayıram. Mənim üçün “Partizan”la matç digər komandalara qarşı oyunlardan biri kimi olacaq. Buradakı azarkeşlər öz komandalarını çox sevir və bu, futbolda normal haldır. “Srvena Zvezda”nın azarkeşləri isə məni sevərək, uğurlu çıxış etməyimi, qalib gəlməyimi istəyir. Futbolda hər şey ola bilər. Bizim üçün əsas odur ki, startda uduzmayaq. Qrupda debütdəcə xal qazanmaq bizim üçün uğur olacaq. Qarşıda “İnter”lə Bakıda çətin sınağımız var. Bu matç öncəsi səfərdən nəticə ilə qayıtmağımız bizə əlavə ruh yüksəkliyi verəcək.

- Ümumiyyətlə, “Neftçi”nin yer aldığı qrupdakı mübarizədən hansı nəticəni gözləyirsiniz?
- Çox da güclü qrupa düşməmişik. Xüsusilə “Partizan” və “Rubin”lə Bakıdakı oyunlarda yaxşı nəticəyə ümid edə bilərik. Sözsüz ki, “İnter” qrupumuzun aşkar favoritidir. “Rubin”i gücünə, təcrübəsinə görə 2-ci yerdə göstərmək olar. Hər halda, bu komanda son illərdə daim avrokuboklarda qrup mərhələsində oynayır, Çempionlar Liqasında böyük təcrübə qazanıb. “İnter”lə “Rubin” Avropada öz sözlərini dediklərindən, qrupda ilk 2 yerə əsas namizədlər sayılır. Bu mənada bizə 2-ci yeri tutmaq çətin olsa da, mübarizəmizi sona kimi aparacağıq.

- Sizin üçün “Partizan”la oyunlar eyni zamanda yığmanıza düşmək baxımdan bir şansdır. Hər halda, Avroliqanın qrup mərhələsində uğurla çıxış etsəniz, Serbiya millisinin məşqçilərinin diqqət mərkəzinə düşə bilərsiniz...
- Mən hər oyunda qapıda yaxşı durmaq haqda fikirləşirəm. Həmişə komandanın uğurlu çıxışı haqda düşünərək, buna çalışıram. Əsas odur ki, “Neftçi” qalib gəlsin. Əgər mənim də çıxışım yaxşı olsa, yığmadan mənə zəng gəlsə, bu, mənim üçün xoş olar və dəvəti qəbul edərəm.

Mehman SÜLEYMANOV
Belqrad