Azərbaycan Prezidenti İlham Əliyev dünya çempionatının açılış mərasimində iştirak edib
22.09.2012 - 18:49
Azərbaycan Prezidenti İlham Əliyev dünya çempionatının açılış mərasimində iştirak edib
Bu gün Bakıda start götürən 17 yaşadək qızlar arasında dünya çempionatının final mərhələsinin rəsmi açılış mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən təntənəli mərasimini Azərbaycan Prezidenti İlham Əliyev, onun xanımı Mehriban Əliyeva, FİFA prezidenti Yozef Blatter, AFFA prezidenti Rövnəq Abdullayev fəxri tribunadan izləyiblər.

Respublika stadionunun tribunalarını dolduran insanlar saat 19:35-də başlayan açılışda ilk olaraq Kanadadan gələn sirk ustalarının maraqlı çıxışını izləyiblər. Onlara azərbaycanlı könüllülər yardımçı olublar. Ardından dünya şöhrətli amerikalı Cennifer Lopes çıxış edib ki, bu da izləyicilər tərəfindən daha çox marağa və alqışlara səbəb olub.

Açılış mərasimindən sonra Azərbaycan və Kolumbiya yığmaları meydana çıxıblar. Bu zaman Azərbaycan və FİFA prezidentləri, Azərbaycan və Kolumbiya ali futbol qurumlarının başçıları meydana daxil olaraq, oyun iştirakçılarını bir-bir salamlayıblar. Ardından hər 2 ölkənin himnləri səsləndirilib və oyuna start verilib.

Qeyd edək ki, ölkəmizdə ilk dəfə təşkil olunan məsul turnir oktyabrın 13-də yekunlaşacaq.