“Biz Azərbaycanda hələ belə şey görməmişik”
23.09.2012 - 13:01
“Biz Azərbaycanda hələ belə şey görməmişik”
“Neftçi” klubunun futbolçusu Mirhüseyn Seydiov Avroliqanın qrup mərhələsinin ilk turunda “Partizan”la oyundan (0:0) sonra apasport.az saytının Belqrada ezam olunmuş əməkdaşına müsahibə verib

- “Partizan”la səfər matçının nəticəsini necə dəyərləndirərdiniz?
- Açığı, Belqrada qələbə üçün gəlmişdik. Ancaq çox yaxşı oynamadıq. Deyərdim ki, 0:0 hesabı matçın ədalətli nəticəsi oldu. Nəticəyə hardasa sevinirik.

- Daha yaxşı oynamağa nə imkan vermədi?
- Həqiqətən də bundan əvvəlki matçda – Kiprdə APOEL-ə qarşı çox oynamışdıq. Burada da ən azı həmin oyunu oynayıb, qalib gəlməyə çalışdıq. Onda qrupa düşməyi çox istəyirdik və bunun üçün qələbəni qarşımıza məqsəd qoymuşduq. İndi isə qrupdayıq və ola bilər ki, bu oyunlara hələ tam uyğunlaşa bilməmişik.

- Yəni təcrübə azlığı öz sözünü dedi...
- Bəli. Ancaq qarşıdakı matçlarda bu hissləri keçirib, ən azından Kiprdəki oyunu təkrarlamaq lazımdır.

- İkinci hissədə meydana girəndən sonra sizdə həyəcan hiss olunurdu. Zərbələriniz alınmırdı...
- Düzdü, bu həyəcanla bağlı idi. Həmin vaxt rəqib qapımıza hücumlar edirdi. Mən də çalışırdım ki, ən azından hücumun qabağını alım. İmkanlardan maksimum istifadə etməyə çalışırdım. Düzdür, bu da alınmırdı. Ancaq yenə deyirəm ki, bu oyunla 0:0 hesabı bizi qane etdi.

- Mövqeyinizdə yer alan Cavid İmamverdiyev daha çox əsas heyətdə yer alır ki, bu da onun hazırda yaxşı formada ilə bağlıdır. Matçın gedişində sizin onu əvəzləməyinizə artıq öyrəşmişik...
- Açığını deyim ki, Cavid bu gün formadadır. Komanda son oyunlarda uğurlu çıxış edir. Futbolda da qanundur ki, qalib heyəti dəyişmirlər. Buna görə də bu gün Cavid, yaxud mən oynadım, hardasa bunda fərq görmürəm. Mən də əsas heyətdə oynamaq istəyirəm. Ancaq hazırda İmamverdiyevi əsas heyətə qoyurlarsa, onun paxıllığını çəkmirəm.

- Kipr və Serbiyada rəqibin azarkeşləri çox aqressiv idilər. Bu, sizin kimi gənc futbolçulara necə təsir edir? Çətin olmur ki?
- Yox, çətin deyil. Çünki elə bu oyunun özü bizə fikirləşməyə bəs edir. Əks halda bu, oyunumuza mənfi təsirini göstərə bilər. Düzdür, Azərbaycanda olmasa belə, bu azarkeşləri elə bil öz tərəfimizə qəbul edib, oynayırıq. Sevinirik ki, komandamızın Avropadakı oyunlarda belə çoxlu, çılğın azarkeşlər olur. İstənilən halda, futbolu azarkeşlərə görə oynayırlar. Belə çox azarkeşi biz oyunumuzla təmin eləmişik və gəlib “Neftçi”nin oyununu izləyirlər. Bunun özü bizə böyük həvəs var. Baxmayaraq ki, bunlar rəqibin azarkeşləridir.

- APOEL və “partizan”ın azarkeşlərini necə müqayisə edərdiniz?
- “Partizan”ın azarkeşləri sırf öz komandalarını dəstəkləyir. Ancaq kiprli azarkeşlər çox vaxt komandalarını dəstəkləməkdən əlavə təhqiramiz ifadələr işlədir, meydana əşyalar atır, futbolu siyasətə çevirirdilər. Buna görə “Partizan”ın tərəfdarlarını üstün tuturam. Çünki onlar 90 dəqiqə dayanmadan öz komandalarını dəstəklədilər. İstəyərəm ki, bizim azarkeşlər ən azından “İnter”lə oyuna gələrək, stadionu doldursunlar. Yəqin ki, rəqibə görə gələcəklər. İnanmıram ki, “İnter”lə ev oyunumuzda azarkeş az olsun. Biz də istəyərik ki, bizim də azarkeşlər oyunlara belə gəlib, izləsin.

- Xaricdə komandaların oyunlarına çoxlu azarkeşlərin gəldiyini görəndə, bunun paxıllığını çəkirsiniz?
- Hardasa bu, hisslər olur. Onlar gəlib, sırf komandanı dəstəkləyir, 90 dəqiqə eyni tempdə mahnılar oxuyurlar. Hansı ki, biz Azərbaycanda belə şey görməmişik.

- “İnter”lə oyun futbolçular üçün Avropa klublarına düşmək baxımından gözəl bir şansdır. Bundan necə istifadə etmək fikrindəsiniz?
- Hələ püşkatmadan bizim beynimizə həkk olunub ki, oktyabrın 4-də “İnter”lə Bakıda oyunumuz var. Bu, biz gənc futbolçular üçün böyük, çox gözəl bir şansdır. Həmin oyunu çoxları izləyəcək. Öz adımdan deyirəm ki, “İnter”lə matça çox ciddi hazırlaşaraq, özümü yaxşı tərəfdən göstərməyə çalışacağam. Bu, bizim Avropaya çıxmağımız üçün elə bil 70-80 faiz işi asanlaşdırır. Qalan 20 faiz özümüzdən asılıdır ki, bunun üçün yaxşı oynayıb, xaricə gedişimizi təmin eləməliyik.

Mehman SÜLEYMANOV