Dünya çempionatlarında belə şey olmamışdı
24.09.2012 - 11:37
Dünya çempionatlarında belə şey olmamışdı
17 yaşadək qızlardan ibarət Azərbaycan yığması antirekorda imza atıb. Apasport.az saytının məlumatına görə, komandamız dünya çempionatlarının final mərhələlərində öz meydanında böyük hesabla uduzan ilk milli olub.

Belə ki, Azərbaycanda keçirilən mundialın açılış matçında yığmamız Kolumbiyaya 0:4 hesabı ilə yenilib. Bunadək yarışı qəbul edən Yeni Zelandiya 2008-ci, Trinidad və Tobaqo 2010-cu ildə qəbul etdiyi yarışda 3 və ya daha çox top fərqi ilə uduzmamışdı.

4 il əvvəl Okeaniya təmsilçisi Kanadaya 0:1, Danimarkaya 1:2 hesabı ilə uduzsa da, qrupdakı son oyununda indi bizim uduzduğumuz Kolumbiyanı 3:1 hesabı ilə məğlub etmişdi. Lakin bu, onların 1/4 finala çıxmasına yetərli olmamışdı.

Trinidad və Tobaqo yığması isə Çilini 2:1 hesabı ilə udsa da, Nigeriyaya eyni hesabla, KXDR-a isə 0:1 hesabı ilə uduzmuşdu. Millimizdən əvvəl mundialı qəbul edən hər 2 yığma 3 oyunda 1 qələbə qazanıb qrupda qalmışdı. Lakin onlar hərəyə 2 dəfə aldığı məğlubiyyətlərin hamısında minimal fərqlə uduzmuşdu.