Elvin Beçiri: Lənkəranı unuda bilmərəm - MÜSAHİBƏ
24.09.2012 - 13:54
Elvin Beçiri: Lənkəranı unuda bilmərəm - MÜSAHİBƏ
“Xəzər Lənkəran”ın sabiq futbolçusu Elvin Beçirinin apasport.az saytına müsahibəsi

- “Xəzər Lənkəran”dan ayrılandan sonra vətəninizə, “Vlajniya” klubuna qayıtdınız. İşləriniz necə gedir?
- Hələlik işlərimiz yaxşı getmir. Komandamızın qarşısına çempionluq vəzifəsi qoyulub. Biz də bu hədəf üçün oynayırıq. Lakin mövsümün startı uğursuz alındı. Görək sonrası necə olur.

- Bəs şəxsi mənada?
- Hələlik “Vlajniya”dayam. Sonrasına baxarıq.

- Niyə hələlik?
- Bilmək olmaz. Bəlkə də başqa ölkədən təklif alıb gedəcəm. Amma müqaviləmin sonunadək buradayam.

- Müqaviləniz nə vaxta kimidir?
- 2 illik.

- “Xəzər Lənkəran”dan ayrılandan sonra vətənə qayıtmamaq üçün variantlar var idi?
- Var idi. Amma bir az qeyri-ciddi idi. Deyirdilər ki, gözlə. Bu isə mənə sərf etmirdi. Məşq etməli idim. Bu üzdən konkret olan təklifi qəbul etdim.

- Həmin təkliflər hardan idi?
- Kiprdən və Türkiyənin aşağı dəstəsindən. Heç adları ilə də maraqlanmadım. Sadəcə, agentim mənə demişdi ki, belə variantlar alına bilər. Mən isə bunu gözləməyi lazım bilmədim.

- “Vlajniya”nı seçməyinizin əsas səbəbi nə idi?
- Bu, mənim doğma komandamdır. Karyerama da bu klubda başlamışam, Ukraynadan qayıdanda da ora qayıtmışam. Albaniyada şərəfini qoruduğum yeganə komandadır.

- Artıq neçə vaxtdır ölkəmizi tərk etmisiniz. “Xəzər Lənkəran”ın çıxışlarını izləyirsiniz?
- Daim sabiq komanda yoldaşlarımla ünsiyyətdəyəm. İnternet vasitəsilə yazışırıq. Bir-birimizlə söhbət edib, hər şeydən xəbərdar oluruq.

- Konkret kimlərlə danışırsınız?
- Daha çox Orxan Sadıqlı ilə. Onunla eyni otaqda qalırdıq. Ondan başqa, Rahid Əmirquliyev, Kamal Bayramovla da danışırıq. Legionerlərdən isə Roberto Alviz, Adrian Pit və Radomir Todorovla əlaqələrim var.

- “Xəzər Lənkəran” haqda hansı xatirələriniz qalıb?
- Yalnız müsbət. “Xəzər Lənkəran”da yaxşı illər keçirdim. Orada insanlar çox mehribandır. Azərbaycanı, Lənkəranı unuda bilmərəm. Xüsusilə də azarkeşləri. “Xəzər Lənkəran”ın fanatları Azərbaycanda 1 nömrədir.

- İndi oynadığınız klubla “Xəzər Lənkəran”ı müqayisə edə bilərsiniz?
- Fərq böyükdür. “Xəzər Lənkəran” daha peşəkardır. Onların büdcəsi də qat-qat böyükdür.

- Azərbaycan və Albaniya çempionatlarının müqayisəsində nə görmək olar?
- Burada fərq cüzidir. Çünki Albaniya çempionatı da güclü liqalardandır. Amma Azərbaycan Premyer Liqası nisbətən daha üstündür.

- Artıq 32 yaşınız var. Yenidən legioner həyatı yaşamaq, Azərbaycanda çıxış etmək haqda nə düşünürsünüz?
- Bilmirəm. İndi burdayam və yalnız “Vlajniya” haqda düşünürəm. Sonra isə hər şey mümkündür. Təklif alsam, orda oynamağın əleyhinə olmaram.