“Neftçi”dəki təhlükə
24.09.2012 - 23:18
“Neftçi”dəki təhlükə
"Neftçi"nin avrokuboklardakı uğurlu yürüşü o qədər gözümüzü bağlayıb ki, komandanın içindəki təhlükəni görmürük. O təhlükəni ki, bir andaca bütün uğurların üstündən xətt çəkə, zəhməti hədər edə, daha nikbin ümidlərimizi basdıra bilər.

İndi hamı Saşa Stamenkoviçin Belqradda başına gələnlərdən danışır, serb qapıçıya həmvətənlərinin göstərdiyi təzyiqdən, təhqirdən yazır. Halbuki məhz Saşanın hədəfə alınmasının konkret səbəbi var. Səbəb yalnız o deyil ki, Stamenkoviç vaxtilə "Partizan"ın barşmaz rəqibi olan "Srvena Zvezda"nın formasını geyib. Səbəb həm də ondadı ki, Saşa bunu az qala hər müsahibəsində təkrarlayır, rəqib azarkeşləri xuliqan adlandırır, onların heysiyyatıyla oynayır. Hələ "Neftçi" formasının altından bu komandanın formasını da geyib, onu matç bitincə "Partizan"ın stadionunda nümayişkaranə surətdə göstərir.

Zənnimcə, elə bu fakt qolkiperə qulaqburması vermək üçün yetərlidi. Həm də bunu oyundan sonra olduğu kimi Belqrad klubunun üzvləri yox, məhz "Neftçi" rəhbərliyi etməlidi. Yəni "Neftçi" forması bu qədər dəyərsizdimi ki, onunla paralel olaraq "Srvena Zvezda"nın da köynəyini əyninə keçirirsən?

Bundan başqa, sənin vətənində kiminləsə problemin varsa, bunu bizim klubda oynayarkənmi yoluna qoymalısan? Axı, Belqradda Saşanın hərəkəti çox ciddi problemə, hətta davaya səbəb ola biləcək qığılcım rolu oynayırdı.

Stamenkoviç o qədər güclü qapıçı, əvəzolunmaz biri olsaydı, bəlkə də ərköyünlüyünə göz yummaq olardı. Ancaq elə "Partizan"la ilk oyunda o, azı 3 dəfə kobud səhvə yol verdi və müdafiəçilər onu sığortaladı. APOEL-lə Bakıdakı ounu isə ümumiyyətlə, unutmaq olmaz. Məhz onun günahı üzündən kiprlilər son dəqiqələrdə qələbəni əlimizdən aldılar.

Ümumiyyətlə, bu serb ötən mövsüm zaman-zaman Rauf Mehdiyevin əvəzləyicisi olurdu. Bir neçə çempionat matçında buraxdığı kobud səhvdən sonra bu aqibətlə üzləşən Saşa hazırda yalnız layiqli rəqibi olmadığı üçün əsas heyətdədi. O, legioner kimi səviyyəsini göstərməkdənsə, təlxəkliklə məşğuldu (Sport-Ekspress).

Belqraddakı ilk oyunda bizim üzün qorxulu heç nə yox idi. Ancaq indidən cavab matçını, digər oyunları düşünmək lazımdı. Yəqin ki, Saşa Bakıdakı cavab matçında Vladimir Stoykoviçin onunla salamlaşmamasının, elətə də bəzi oyunçuların onun üstünə gəlməsinin əvəzini çıxmaq istəyəcək. Belədə baş verə biləcək hər hansı insident böyük problemlərə yol aça bilər. Onun hər hansı oyundakı ugaq hərəkətlərinin isə bədəli daha ağır olar. Çünki özü cəzalanacağı halda "Neftçi"ni faktiki qapıçısız qoyacaq. Axı, Mehdiyevin qovulmasından sonra onun demək olar, layiqli əvəzedicisi yoxdu. Bəlkə də çempionat matçlarında problemi yoluna qoymaq olar, deyək ki, "Sumqayıt"a qarşı hər hansı gənc qolkiper də oynaya bilər, ancaq "Rubin"lə, Milan "İnter"i ilə matçlarda "Neftçi"nin təcrübəli əlcək sahibinə ehtiyacı var.

Kəsəsi, bizdən xəbərdarlıq etmək, Böyükağa Hacıyevdən hamını dinləyib özü bildiyini etməkdi. Belqraddakı olaylara birtərəfli baxmayın, ölçü götürün, içinizdəki təhlükə sonra başınızı ağrıda bilər.