Dayana Kastillo: “Tofiq Bəhramov”dakı azarkeşlərdən çəkinmişdik
25.09.2012 - 10:45
Dayana Kastillo: “Tofiq Bəhramov”dakı azarkeşlərdən çəkinmişdik
“Biz qrupun autsayderi ilə matçda topa yiyələnərək, komanda oyunu üzərində qurulmuş məşqçinin oyun planına uyğun çıxış etdik. Onun ilk tapşırıqlarının öhdəsindən layiqincə gəldik”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Kolumbiyanın 17 yaşadək qızlardan ibarət yığma komandasının kapitanı Dayana Kastillo deyib. Hücumçu Azərbaycanda keçirilən dünya çempionatının ilk turunda milli komandamızla oyunun əsas qəhrəmanlarından olub. Belə ki, Dayana kolumbiyalıların 4:0 hesabı ilə qalib gəldiyi matçda ilk 2 qolu vuraraq dubl edib.

Azərbaycanın autsayder hesab edilməsinə baxmayaraq, açılış oyunları, xüsusilə də meydan sahibləri 30 min azarkeşlə dolu bir stadionda oynadıqda, həmişə təhlükəli olur. Kolumbiyalının sözlərinə görə, belə dəstək altında oynamaq onlara heç də asan olmayıb: “Hər şeydən əvvəl qeyd etməliyəm ki, biz bir az həyəcanlı idik. Etiraf edim ki, stadiondakı azarkeşlərdən də azacıq çəkinmişdik. Lakin xoşbəxtlikdən biz bunların öhdəsindən gəlməyi bacardıq və sonda 3 xalı əldə etdik”.

Erkən uğur əldə etdikdən sonra məqsədyönlü Kastillo və onun komanda yoldaşları daha böyük nailiyyətlər üçün alışıb-yanırlar: "Biz daha da irəliləmək və daha böyük nailiyyətlər əldə etmək istəyirik. Təbii ki, biz ikinci mərhələyə çıxmaq istəyirik və şəxsən mənə gəldikdə isə dünya çempionluğu arzusundayam”.

O, ölkəsindəki azarkeşlərə üzünü tutaraq, mesaj göndərib: "Azarkeşlərimiz qoy yaddan çıxarmasınlar ki, biz bütün bunları onlar üçün edirik. Dünya çempionları olmaq üçün əlimizdən gələn hər bir şeyi edəcəyik”.

Bunadək isə iddialı Kolumbiya yığmasını Kanada ilə bu gün sınaq gözləyir. Növbəti 3 xal onları növbəti mərhələyə çıxara bilər. Kapitan buna necə nail ola biləcəklərini bildiyini qeyd edib: "Oyunlarından müşahidə etdiyimə görə, onlar açıq futbol oynayırlar. Ən vacib faktor oyuna nəzarət edə bilməyimiz üçün topu onlardan almaq olacaq. Bu heç də asan olmayacaq, çünki onlar bu turnirə çox yaxşı hazırlaşıblar".

“Barselona”nın və onun liderlərindən olan yarımmüdafiəçi Andres İnyestanın azarkeşi olduğunu etiraf edən Dayana Azərbaycana gəlməmişdən əvvəl qarşısına qoyduğu hədəfləri barədə bölüşüb: "Mən hər matçda 2 qol vurmaq istəyimi oyundan əvvəl hamıya söyləmişdim. Hələ ki hər şey plana uyğun gedir".