Misirdəki rekordu Bakıda qıra bilmədilər
25.09.2012 - 11:31
Misirdəki rekordu Bakıda qıra bilmədilər
Azərbaycanda keçirilən 17 yaşadək qızlardan ibarət yığma komandalar (U-17) arasında açılış oyununda qeydə alınan 11:0 hesablı nəticə müzakirə olunmaqda davam edir. Apasport.az saytının məlumatına görə, Şimali Koreyanın Qambiyanı 8 KM stadionunda darmadağın etdiyi matçın nəticəsi bu yaş üzrə dünya çempionatlarında ən böyük hesabla müqayisə edilib.

Məlum olub ki, oğlanlar arasında turnirdə bundan da böyük hesablı qələbə qeydə alınıb. Bu, 1997-ci ildə Misirdə keçirilən FİFA U-17 dünya çempionatında İspaniyanın Yeni Zelandiyanı 13:0 hesabı məğlub etdiyi oyunda olub. Yəni koreyalı qızlar Bakıda “Fironlar ölkəsi”ndəki rekordu qıra bilməyərək, 2-ci ən böyük hesablı qələbəyə imza atıb.

Təbii ki, 11:0 həmin yaşda qızların dünya çempionatında rekord olaraq qalır və buna daha birisi əlavə olunub. Belə ki, şimali koreyalıların Qambiyaya 6 futbolçusu qol vurub. Bu da U-17 qızların turnirində ilk dəfə 1 matçda bu qədər oyunçunun fərqlənməyi deməkdir.