“Əsas məqsədimiz “Bakı” ilə oyundan da sərfəli nəticə ilə ayrılmaqdır”
26.09.2012 - 08:19
“Əsas məqsədimiz “Bakı” ilə oyundan da sərfəli nəticə ilə ayrılmaqdır”
“Olduqca çətin dövrdən keçirik. “Qarabağ” və “Qəbələ” ilə oyundakı böyükhesablı məğlubiyyətlər komandaya və uşaqlara olduqca pis təsir etmişdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Sumqayıt”ın qapıçısı Səlahət Ağayev deyib.

Topaz Premyer Liqasının VII turunun “Neftçi” ilə oyunu haqda fikirlərini açıqlayan futbolçu klubun saytına açıqlamasında 3:2 hesablı qələbənin faydasından danışıb: “İnter”lə görüşdə komanda pis təsir bağışlamadı, lakin məğlub olduq. “Neftçi” ilə oyuna çox ciddi hazırlaşmışdıq. Bu görüşdə uşaqlar meydanda canlarını qoydu. Əsl əzmkarlıq nümayiş etdirib qələbə qazanmağı bacardıq. Çətin dövrdə gözəl oyunla əldə etdiyimiz qalibiyyət komanda kimi bizə çox yaxşı təsir edəcək. Fürsətdən istifadə edib “Neftçi”yə avrokuboklarda uğurlar arzulayıram”.

Səlahət həftəsonu “Bakı” ilə baş tutacaq görüş barəsində də fikirlərini bildirib: “Komandada əhval ruhiyyə olduqca yüksəkdir. “Neftçi” üzərindəki qələbədən sonra bu ssenarini davam etdirmək istəyirik. Ardıcıl doğma azarkeşlərimiz qarşısında keçirəcəyimiz ikinci oyundan da sərfəli nəticə ilə ayrılmaq əsas məqsədimizdir. Bizi dəstəkləyən bütün fanatlarımıza təşəkkür edirəm. “Sumqayıt”a gəldiyim gündən onları daim yanımızda görmüşəm. Pis, yaxşı günümüzdə də bizi dəstəkləyiblər. İnşallah “Bakı” ilə görüşdə sərfəli nəticə qazanıb onları növbəti dəfə sevindirərik”.