“Fırtınalar meydanı”, “Göyçə” və Azərbaycan yığması
26.09.2012 - 11:51
“Fırtınalar meydanı”, “Göyçə” və Azərbaycan yığması
17 yaşadək qızlardan ibarət yığmamız dünya çempionatının final mərhələsi çərçivəsində Lənkəran şəhər stadionunda keçirdiyi oyunda tarixə düşdü. Apasport.az saytının məlumatına görə, milimizin Nigeriyaya ilə görüşündə qeydə alınan 0:11 hesabı “Fırtınalar meydanın”da ən böyük darmadağın oldu. Yəni, “Xəzər Lənkəran”ın təmsil etdiyi şəhərdə hələ 1 oyunda 11 qol vurulmamışdı.

“Ağ-yaşıllar” 2006-cı ildə Azərbaycan kubokunun ilk mərhələsində “Göyçə” ilə ev matçında tarixi nəticə qazanmışdı. Onda lənkəranlılar I dəstə təmsilçisini 9:0 hesabı ilə darmadağın etmişdilər. Bu, 2004-cü ilin yayında yaradılan “Xəzər Lənkəran”ın tarixində ən böyük hesablı qələbəsidir.

2006-cı ilin sentyabrın 11-də keçirilən həmin matçda kolumbiyalı hücumçu Xorse Dias etdiyi pokerlə qələbədə əsas pay sahibi oldu. Həmin vaxt kapitan olan Mahmud Qurbanov dubl etmiş, rumıniyalı Robert İlyeş, Rəşad Abdullayevlə Vüqar Nadirov hərəyə 1 qol vurmuşdu.

Nigeriya ilk hissədə 7, fasilədən sonra 4 qol vurdusa, “Xəzər Lənkəran”da bu baxımdan tam fərqli olmuşdu. Belə ki, cənublular fasiləyəcən cəmi 2 qol vurmuşdular. Əvəzində 47-ci dəqiqədə Rəşadla əsası qoyulan darmadağın 88-ci dəqiqədə Diasla yekunlaşmışdı.

Qeyd edək ki, “Fırtınalar meydanı” kimi tanınan Lənkəran şəhər mərkəzi stadionunda bunadək qızlar, habelə əsas və 21 yaşlılardan ibarət yığmamız oynasa da, belə darmadağın olmamışdı.