“Gedənin arxasınca danışmaq düzgün deyil” – MÜSAHİBƏ
26.09.2012 - 14:30
“Gedənin arxasınca danışmaq düzgün deyil” – MÜSAHİBƏ
“Qəbələ” klubunun kapitanı Elmar Baxşıyevin apasport.az saytına müsahibəsi

- Komandanız son 2 turda iddiasız “Kəpəz” və “Rəvan”la qarşılaşmalarda vacib 6 xal itirdi. Bu uğursuzluğu nə ilə izah edərdiniz?
- Həmin oyunlarda qələbə qazanmaq istəyirdik. Ancaq nəsə alınmadı. Sanki komandada uyğunlaşma problemi var, “uğursuzluq zolağına” düşmüşük. Belə götürəndə, daxildə problem yoxdur ki, nəyəsə mane olsun. Ancaq təlim-məşq toplanışından bu yana oyunumuz istənilən kimi alınmır.

- Bunu nə ilə izah etmək olar?
- Futbolçuların bir-birinə, yenilərin komandaya uyğunlaşmağı hələ lazımı səviyyədə deyil. Heyətimizdə güclü futbolçular var. Ancaq komanda şəklində özümüzü göstərə bilmirik. Komanda oyunu sabit deyil.

- Futbolçuların sabiq baş məşqçi Fatih Kavlakla münasibətlərində bir problem yox idi?
- Belə bir şey olmayıb. Kavlaka bir məşqçi və insan kimi hörmət edirdik.

- Ardıcıl 2 məğlubiyyətindən sonra Kavlakın istefası gözlənilən idi. Bəs siz necə düşünürdünüz?
- Açığı, Kavlakın bu oyundan sonra istefasının olacağını gözləmirdik. Bilmirəm, kənardan necə görünür, ancaq biz bunu hiss etmirdik. Sadəcə, rəhbərlik matçdan sonra dedi ki, Kavlak istefa verib və yeni baş məşqçi təyinatını öyrəndik.

- Yeni baş məşqçiniz Ramiz Məmmədov oldu ki, o, vaxtilə “Qəbələ”ni çalışdırıb, cari mövsümdən isə idman direktoru idi...
- Məmmədov klubun strukturunda çalışan, yaxşı tanıyan bir mütəxəssisdir. Məncə, ona baş məşqçi işləmək rahat olacaq.

- Şəxsən siz onunla ilk dəfə çalışacaqsınız...
- Bəli.

- Məmmədov artıq komandanı ilk məşqə çıxarıb. Təəssüratlarınız necədir?
- Tələbkar məşqçidir. Nizam-intizama üstünlük verir. Məşqə, yeməyə vaxtında getməyə diqqət yetirir.

- Belə xüsusiyyətlər sizə çətin olmayacaq?
- Yox. Biz futbolçuların işi baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirməkdir. Yeni çalışdırıcının hər şeyə diqqət yetirməyi yaxşı haldır.

- Bəlkə Kavlak belə tələbkar deyildi və problem bunda, necə deyərlər, onun mülayim təbiətli olmağında idi?
- Gedən adamın arxasınca danışmaq düzgün deyil. Hər məşqçinin özünəməxsus xüsusiyyətləri, iş üslubu var.

- Qarşıda sizi çətin sınaq gözləyir. AZAL-la evdə oynasanız da, rəqibiniz cari mövsümdə çox iddialıdır, liderlər qrupunda yer alıb...
- Elədir. Ancaq “qara zolaq”dan çıxmağımıza AZAL-la oyundan başlamaq lazımdır. Bilirik ki, vacib xallar itirmişik və “altılığ”a düşməyimiz üçün qarşıdakı oyunda maksimum xal toplamalıyıq.

- Kapitanınız Vurğun Hüseynov zədələnəndən sonra sarğını bir ara Aleksandr Çertoqanov, indi isə siz taxırsınız...
- Mən hələ Kavlakın dövründə vitse-kapitan seçildim. Əsas kapitanımız Vurğun zədəli olduğundan, son matçlarda meydana çıxmır. Çertoqanov da vitse-kapitandır, biz meydanda olmayanda, sarğı onda olacaq.

- İndiyə kimi çıxış etdiyiniz klubların hamısında – “Xəzər Universiteti”, “İnter”, “Xəzər Lənkəran”, “Neftçi”də də kapitan olmusunuz. Hətta millidə 1 oyunda olsa belə, sarğı qolunuzda olub...
- Yəqin ki, mənə etibar edirlər. Mən də bir kapitan kimi etimadı doğrultmağa çalışıram.

- Belə demək olar ki, kapitanlığa artıq öyrəşdiyinizdən, sarğını daşımaq sizə rahatdır?
- Belə deməzdim. Sadəcə, kapitan olmaq futbolçunun məsuliyyətini artırır. Əsas kapitan olmaq yox, komanda, onun uğurlu çıxışıdır.