Yunis Hüseynov: Həmin vaxt sıxıntı keçirdim
26.09.2012 - 16:12
Yunis Hüseynov: Həmin vaxt sıxıntı keçirdim
“Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynovun apasport.az saytına müsahibəsi

- Premyer Liqanın növbəti turunda, sentyabrın 29-da “Turan”ın qonağı olacaqsınız. Bu oyuna hazırlığınız necə gedir?
- Yaxşı. Zədəli, səhhətində problemi olan futbolçumuz yoxdur. Sabah Tovuza yollanıb, son hazırlığımızı orada keçirəcəyik.

- “Turan”ın son oyunlarını görmüsünüz? Rəqibi necə dəyərləndirərdiniz?
- Bəli, görmüşəm. “Turan” bütün çempionatlarımızda oynayıb, Tovuzda həmişə futbol olub. Futbolda gözlənilməz nəticələr olur. “Turan” da həmişə öz meydanında yaxşı oynayıb. Bu mənada bizə ağır olacaq.

- İndiki vəziyyətdə 3 xal sizə vacibdir. Ancaq iddialılar Tovuzda xal almaqda çətinlik çəkirlər. Bu mənada Tovuz səfərində 1 xal qazansanız, bu, sizi nə dərəcədə qane edəcək?
- İnşallah, biz meydana qələbə üçün çıxacağıq. Buna nail olub-olmayacağımızı oyun göstərəcək. İndi çempionatımızda asan oyun, zəif rəqib yoxdur. Buna görə də ciddi hazırlaşırıq.

- Yəni rəqib turnir cədvəlində sondan aşağı pillədə getdiyinə görə arxayınlaşmaq olmaz...

- Əlbəttə. Buna görə də oyuna ciddi hazırlaşmalıyıq. Gördüyünüz kimi, son turda sürpriz nəticələr oldu. Bu da hər matça, rəqibə ciddi qiymətləndirməyin lazım olduğu deməkdir.

- Elə komandanız da “Turan”ın qonşuluğundadır, 5 oyundan 5 xalı var. İndiki vəziyyətinizi necə dəyərləndirərdiniz?
- Sözsüz ki, burada olmağımız arzuolunmazdır. Ardıcıl 2 məğlubiyyət aldıq. Pis vəziyyətə, “qara zolağ”a düşmüşük. Ancaq elə bu vəziyyətdən özümüz çıxmalıyıq. Futbolçularımız başa düşməlidir ki, heç kim bizim əvəzimizə meydanda oynayası deyil. Hər oyunda qalib gəlməyə çalışmalıyıq.

- Son turda “Bakı” elə ev oyununuz təxirə salındığına görə istirahət etdiniz. Sizcə, ardıcıl məğlubiyyətlərdən sonra bu qısa müddətli fasilə yerinə düşdü?
- Biz ev oyunlarımızı öz meydanımızda keçirmək istəyirik. Ancaq hazırda Lənkəranda məşq etmək, oynamaq baxımından çətinliyimiz var. Çünki orada dünya çempionatının oyunları keçirildiyinə görə belə imkanımız yoxdur. Buna görə də “Bakı” ilə ev oyunumuz təxirə salınmağı daha məqsədəuyğun sayıldı. Elə “Turan”ı da qəbul etməli idik, ancaq oyunların yerlərini dəyişdirib, səfərə yollanmalı olduq. İkinci dövrədə artıq ”Turan”ı qəbul edəcəyik. Mən bu yerdəyişmədə problem görmürəm.

- Son məğlubiyyətlərdə gənc qapıçı Orxan Sadıqlının səhvlərinin də rolu oldu. Ona yenə əsas heyətdə yer verməyi düşünürdünüz?
- Hər bir futbolçuda səhvlər olur. Heç kim bundan sığortalanmayıb. Orxan da gənc qapıçıdır. Biz ona yenə inanırıq.

- Klubsuz olan yeni qapıçı transfer etməyi planlaşdırırsınız?
- Ola bilər ki, yeni qapıçı aldıq. Bildiyiniz kimi, türkmənistanlı qapıçı hazırda bizdə baxışdadır.

- Onunla bağlı nə vaxt qərar verəcəksiniz?
- Yaxın günlərdə. Daha dəqiq desək, “Turan”la oyundan sonra onun haqda yekun qərarımı verəcəyəm.

- Millimizin də əsas qapıçısı olan Kamran Ağayevin qayıdışı mümkündür?
- Hazırda bu məsələ gündəmdə deyil.

- O, müqavilə ilə klubunuza məxsusdur. Əvəzedici heyətinizdə məşq edir?
- Yox.

- Yaxında Emin Quliyev yeni köməkçiniz təyin olundu. Bu haqda nə deyə bilərsiniz?
- Bildiyiniz kimi, Emin uzun müddət “Xəzər Lənkəran”ın kapitanı olub. Onu yaxşı tanıyıram. Vaxtilə rəhbərliyim altında oynayıb. İndi də Quliyev məşqçilikdə ilk addımlarını atır. Qərara aldıq ki, bunu “Xəzər Lənkəran”da etsin, klub keçmiş futbolçusunu sıralarına qaytardı. Emin artıq indidən məşqçiliyin sirlərini öyrənməlidir. İndi də öyrənməyib, nə vaxt öyrənəcək?

- Bəs siz bir baş məşqçi kimi özünüzü necə hiss edirsiniz? Son oyununuz olan “Simurq”la 0:2 hesablı məğlubiyyətdən sonra istefa versəniz də, rəhbərlik bunu qəbul etmədi...
- Hazırda özümü yaxşı hiss edirəm. Bütün gücümlə çalışmalıyam ki, komandanı bu vəziyyətdən çıxarım.

- İstefanızı vəziyyətdən ən düzgün çıxış yolu saymağınızla əlaqələndirmək olar?
- Komandanın uğursuz çıxışı davamı edəndə, belə ardıcıl məğlubiyyətlər olanda baş məşqçinin istefası labüddür. Hər şeyə real baxıb, qiymət vermək lazımdır. “Xəzər Lənkəran”ın 1 oyunu ehtiyatda olsa da, hazırda 10-cu yerdədir. Lap həmin 1 oyunu udsaq belə, 5-6-cı yerlərdə olacağıq. Bu yeri “Xəzər Lənləran”a yaraşdırmağımızdan, getmək fikrinə düşdüm. Komandamız həmişə çempionluğa, kuboka oynayıb, ancaq hazırda aşağılarda qərarlaşmışıq. Əslində, “Neftçi”yə qarşı pis oynamadıq, həmin matçda komandamdan narazı qalmadım. Ancaq “Simurq”la matçda zəif oynadıq və günahı özümdə görərək, istefa verdim. Həmin vaxt sıxıntı keçirdim, özümü pis hiss etdim. Fikirləşdim ki, gedişimlə komandaya yeni nəfəs gələr. Ancaq sağ olsun rəhbərlik, mənə yenə etimad göstərdi və işimi davam etdirməyimə imkan yaratdı.

- Sizcə, bu xal itkilərindən sonra “Xəzər Lənkəran”a çempionluq mübarizəsində çətin olmayacaq ki?
- Yox. Çempionat hələ yeni başlayıb, qarşıda çox oyunlar var. Bütün komandalar xal itirib. Hələ heç nə itirilməyib. Ardıcıl 3 oyunda qələbə qazansan, turnir cədvəlində vəziyyətini yaxşılaşdırıb, liderlər qrupunda yer alacaqsan.

Mehman SÜLEYMANOV