“Azərbaycan Premyer Liqasının ulduzuyam”
27.09.2012 - 14:09
“Azərbaycan Premyer Liqasının ulduzuyam”
Polşa millisinin sabiq futbolçusu, hazırda Zaqatalanın “Simurq” klubunun şərəfini qoruyan Marçin Burkhardt vətənində müsahibə verib. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasında bombardirlik keyfiyyətlərini nümayiş etdirən və komandasının liderliyində pay sahibi olan yarımmüdafiəçi yeni klubundakı işlərindən bəhs edib.

- Özünüzü Azərbaycanda kral kimi hiss edirsiniz?
- Yox, mən heç də kral zad deyiləm. Sadəcə, Azərbaycan Premyer Liqasının ulduzuyam. Öz işimi görürəm. Amma bu dəfə həddən artıq... Axı mən heç vaxt qolçuluq bacarığımla seçilməmişəm. Müxtəlif vaxtlarda qollar vurmuşam. Amma indiki kimi olmayıb. Artıq 3 qolum və 2 məhsuldar ötürməm var. Düşünürəm ki, bu heç də pis deyil.

- 6 oyunda 3 qol və ötürmə... Bundan sonra necə olacaq?
- Ümid edirəm ki, ardı gələcək. Bəlkə də bundan da yaxşı olacaq. Mən hücumameylli yarımmüdafiəçiyəm və əsl işim ön xətt oyunçularına dəstək verməkdir. Amma qol vurmaq imkanı əldə edəndə bunu qaçırmıram. Çempionata da yaxşı başladıq. Artıq liderik. Deməli, bundan sonra daha çox çalışmalıyıq. Yayda 9-10 yeni futbolçu gələn komanda artıq formalaşıb. Biz oynamağı və qalib gəlməyi bacarırıq.

- “Kəpəz”lə oyun günü ad gününüz idi. Bu hadisəni qolla qeyd etdiniz...
- Təəssüf ki, ad günü ildə 1 dəfə olur. Amma əvvəllər də həmin günlərdə fərqləndiyim vaxtlar olub. Axı artıq 29 yaşım oldu.

- Sizin texnikalı oyununuz, topla hərəkətləriniz hamını valeh edir. Bunun sirri nədir?
- Texnika ilə bağlı heç vaxt problemim olmayıb. Mənə irad bildiriləndə də fiziki hazırlıq və meydanda az qaçmağımla bağlı olub. Amma vaxtilə texnikam indikindən də yaxşı idi. Lakin zədələr hər şeyi kəlləmayallaq etdi. Şükürlər olsun ki, indi zədələr üçün darıxacaq səviyyədəyəm.

- Siz “Simurq”un liderisiniz?
- Təkcə klubda deyil, bütün çempionatda liderəm. Baş məşqçimiz Georgi Çixradze məndə özünəinam yaradıb, hər oyunda liderlik etməyi aşılayıb. Belə dəstəkdən sonra qol vurub ötürmə etməmək olmur. Oyunlarımız göstərir ki, fiziki hazırlıqla bağlı da problemim yoxdur.

- Bəs Polşada?
- Polşada həmişə iddia ediblər ki, mən 60-70 dəqiqəlik oyunçuyam. Bilmirəm bu fikir haradan yaranmışdı, amma məni qıcıqlandırırdı. İndi isə mən nəinki 90 dəqiqə oynayıram, hətta sonlarda da qol vururam.

- Azərbaycan çempionatı Polşanınkından çox zəifdir?
- Bunu polşalılar belə fikirləşir. Əslində, belə deyil. Reallıqda Polşa çempionatının üstünlüyü cüzidir. Əgər bizdə qapalı, müdafiə futbolu oynayırlarsa. Azərbaycanda açıq futbol gedir. Özü də Azərbaycanda məşqçilər daha tələbkardır. Mən karyeram ərzində ordakı kimi ağır məşqlər keçməmişəm. Gürcüstandakı 9 günlük toplanışda futbolçular yorğunluqdan sürünürdülər. Yalnız İsveçdə buna oxşar yükləmələr görmüşəm. Azərbaycanlı futbolçular çox cəsarətlidirlər, amma texnikaları zəifdir. Legionerlər də bu çatışmazlığı aradan qaldırmağa gəlir.

- Azərbaycan çempionatının Polşadan az geri qaldığını iddia edirsiniz. Sizin oynadığınız “Simurq” Polşa çempionu “Slaşk” ilə 10 oyun keçirsə, nəticə necə olar?
- Biz onlardan geri qalmarıq. “Neftçi”nin Avropa liqasındakı nəticələrinə, “Qarabağ”ın “Visla”nı udmasına diqqət yetirin. Bakılılar Kipr APOEL-ini udub qrupa düşdü, “Partizan”la səfərdə heç-heçə etdi. Lakin çempionatda “Simurq”dan çox uzaqdadır.

- “Simurq” Polşa çempionatında ortabab olardı. Yoxsa aşağı dəstəyə düşməmək üçün mübarizə aparardı?
- Bunu söyləmək çətindir. Biz hələ cəmi 6 turdan sonra liderik. Bütün komandalarla qarşılaşmamışıq. Dekabrda komandanın əsl gücü haqda nəsə demək olar.

- Özünüzü aldatmayın. Azərbaycan adının özü ekzotik alınır. Siz Polşadan ora getməklə ambisiyalarınızdan əl çəkmişdiniz. Bu karyeranızın sonuna gedən yoldur...
- Bu belə deyil. Mən yenə iddialıyam. Sadəcə, Polşada hansı kluba məni təklif etsəydilər, sanki öküzə qırmızı əski göstərirdilər. Prezidentlər və məşqçilər məni istəmirdilər.

- Niyə?
- Fiziki cəhətdən zəif olmağımı iddia etdikləri üçün. Hamı düşünürdü ki, mən 1 oyun yaxşı oyansam, növbətidə çatdırmayacağam. Amma eybi yox. Qoy nə danışırlar, danışsınlar. Polşanın 1-ci dəstəsində oynayası deyildim. Azərbaycandan təklif alan kimi getdim. Başqa klublar da var idi, lakin “Simurq” daha konkret təklif etmişdi. Etiraf edim ki, qazanc da az rol oynamadı. Belə pullar Polşada yoxdur. Amma ümumilikdə məni Polşada zəif saydıqları üçün getdim.

- “Simurq”da hədəfiniz nədir?
- 29 yaşım var gələcəyimi fikirləşirəm. Bəlkə də 2-3 ilə Polşadakılara nəyə qadir olduğumu sübut edib geri döndüm. Bəlkə də yox. Niyə də “Simurq”la avrokubokjlarda oynamayım.

- Məskunlaşdığınız Zaqatalanı necə təsvir edərdiniz?
- Zaqatala tamamilə ekzotikadır. Mənim xoşuma Bakı gəlir. İndiyədək gördüyüm ən gözəl şəhərlərdəndir. Biz kurort otelində qalırıq. Orda əla şərait var. Yalnız oyuna köklənməyimiz qalır. Böyük şəhərdə yaşamış adam kimi mənə Zaqatalada uzun müddət yaşamaq çətin görünür.

- Azərbaycanda tək yaşayırsınız?
- İndi təkəm. Mənim rəfiqəm Castin avtomobil qəzasına düşdü. Yoxsa həmişə onunla qalırdım. İndi əməliyyatdan sonra Polşada bərpa prosesi keçir. Lakin 2 həftədən sonra yenidən birlikdə olacağıq.

- Komandamızda daha bir polşalı David Petrzkieviçin olması yəqin ki, ürəyinizcədir?
- David yaxşı oğlan, həm də səviyyəli qapıçıdır. 6 oyunda cəmi 2 qol buraxmışıq. O gəncdir və gələcəyi hələ qabaqdadır. Onunla biz yaxşı dil tapırıq. Həm də serb və xorvatlarla anlaşa bilirik.