Foqtsun siftəsini “kor edən” qərəzli hakimlə növbəti görüş
27.09.2012 - 14:30
Foqtsun siftəsini “kor edən” qərəzli hakimlə növbəti görüş
2014-cü il dünya çempionatının seçmə mərhələsində Rusiya - Azərbaycan matçına baş hakim təyin olunan Aleksandar Stavrev millimizin çalışdırıcısı Berti Foqtsa yaxşı tanışdır. Apasport.az saytının məlumatına görə, 35 yaşlı makedoniyalı FİFA hakimi almaniyalı mütəxəssisin komandamızın baş məşqçi postunda rəsmi debütündə idarəçilik edib. Bu, 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində 2008-ci ilin sentyabrın 6-da Uels – Azərbaycan matçı olub.

Kardiffdə məşhur “Millineum” stadionunda keçirilən həmin rəsmi matç indiyə kimi yaxşı xatırlanır. Belə ki, qapıçı Kamran Ağayev millimizdə rəsmi debütündə inamlı oyunu ilə uzun müddət uelslilərin qol arzusunu gözündə qoyub. Meydan sahiblərinə rəğbət göstərən Stavrev 66-cı dəqiqədə qapımıza şübhəli penalti təyin etdi. Həmin epizodda kapitanımız Rəşad Sadıqov rəqibə qarşı kobud oynamasa da, Aleksandar bunu qayda pozuntusu kimi dəyərləndirdi. Amma Ağayev rəqibin penalti zərbəsini dəf etmişdi.

Bundan 2 dəqiqə sonra makedoniyalı hakim yığmamıza daha bir zərbə vurub. Belə ki, o, həmin vaxt yığmamızın liderlərindən olan milliləşdirilən braziliyalı yarımmüdafiəçi Fabio Luis Ramimə 20 dəqiqəyə (48 və 68-ci dəqiqələrdə ) 2 sarı vərəqə göstərərək, onu meydandan çıxarır. Rəqib say üstünlüyündən istifadə edərək 82-ci dəqiqədə qələbə topunu vurub və bununla, Foqts millimizlə seçmə mərhələyə xalla başlaya bilmir.

Stavrevlə Foqtslu millimizin yolu bir daha 2011-ci ilin sonunda kəsişir. Onda yığmamız ilin son oyununu noyabrın 17-də Çernoqoriya yığması ilə yoldaşlıq görüşü ilə başa vurur. Podqoritsada keçirilən matçda 0:2 hesabı ilə uduzduğumuzu nəzərə alsaq, Stavrev yenə bizim üçün düşərli olmur. Hakim hazırda da millimizin üzvləri olan yarımmüdafiəçilər Rahid Əmirquliyevlə Elvin Məmmədov və hücumçu Vaqif Cavadova həmin oyunda sarı vərəqə göstərib.

Göründüyü kimi, Stavrev yenə səfər oyunumuzda baş hakim olacaq. Bu ildən UEFA-nın Elit kateqoriyasına daxil olan 35 yaşlı makedoniyalı hakim Çempionlar Liqası və Avroliqanın qrup matçlarını da idarə edib. Aleksandarın indiyə kimi idarə etdiyi oyunlarda 219 sarı, 21 qırmızı vərəqə göstərdiyini nəzərə alsaq, sərt, güzəştə getməyən hakim olduğunu demək olar. Hər halda, futbolçularımızla Foqts bunun canlı şahidi olublar.

Mehman SÜLEYMANOV