İFFHS-da seçkilər başladı
27.09.2012 - 16:21
İFFHS-da seçkilər başladı
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasında (İFFHS) seçkilərə start verilib. Apasport.az saytının məlumatına görə, dünya futbolunun ən nüfuzlu statistika təşkilatlarından olan federasiyada prezident seçilməzdən öncə İcraiyyə Komitəsinin (İK) üzvləri müəyyənləşəcək.

İFFHS-ın FİFA-ya üzv olan ölkələrdə olan nümayəndələri 17 zona üzrə İK üzvlərini və onun müavinini seçəcək. Bu da ona görədir ki, İK üzvü hər hansı yığıncaq və tədbirə qatıla bilmədikdə onu əvəz edə bilən olsun.

Azərbaycan Avropaya daxil olan 5 zonadan birində “Avropa(Şərq)”də yer alıb. Burada ölkəmizlə yanaşı, Rusiya, Ukrayna, Belarus, Estoniya, Latviya, Litva, Moldova, Qazaxıstan, Finlandiya, Gürcüstan və Ermənistan yer alıb. Rusiya, Ukrayna və Litva İFFHS-də 2 nümayəndə ilə təmsil olunur. Gürcüstan və Latviya isə zonaya daxil olsa da, səsverməyə qatılan nümayəndəsi yoxdur.

Səsverməyə qatılacaq 13 qurum nümayəndəsi öz aralarından İK-ya üzv və müavin seçəcək. Düzdür, Rusiya təmsilçilərindən biri İK seçilmək hüququndan məhrumdur. Digər 12 nümayəndə isə həmin yerləri öz aralarında səsvermə ilə bölüşdürəcək.

Oktyabrın 12-dək davam edəcək səsvermə zamanı 13 nümayəndə öz aralarında müzakirələr apararaq seçimini edəcək.

Qeyd edək ki, ölkəmizin qurumda apasport.az əməkdaşı təmsil edir.