Kivunun da “Neftçi” yə qarşı oynamağı sual altındadır
29.09.2012 - 09:24
Kivunun da “Neftçi” yə qarşı oynamağı sual altındadır
İtaliyanın “İnter” klubunun Avroliqanın qrup mərhələsində “Neftçi” ilə Bakıdakı oyun öncəsi heyətlə bağlı problemləri davam edir. Apasport.az saytının məlumatına görə, rumıniyalı futbolçu Kristian Kivu da holandiyalı yarımmüdafiəçi Uesli Sneyderlə birgə zədəlilər sırasındadır. Təcrübəli müdafiəçi müalicədən sonra fiziki hazırlıq üzrə test keçir.

“İnter”in baş məşqçisi Andrea Staramaççoni A seriyasında “Syena” ilə uğursuz oyundan sonra arxa xəttin taktiki sxemində dəyişiklik edərək, 3 müdafiəçiyə keçib. Ancaq həm mərkəzdə, həm də daha çox müdafiənin sol cinahında oynaya bilən Kivunun xidmətindən istifadə edə bilmir. Bu mənada Kristian oktyabrın 4-də Tofiq Bəhramov adına Respublika stadionundakı oyuna gətirilsə belə, uzun müddətdir oyun praktikası sarıdan korluq çəkməyi öz sözünü deyəcək.

Qeyd edək ki, ötən tur “Kyevo” ilə oyunda omba nahiyəsində əzələsini zədələyən Sneyder 1 həftəlik sıradan çıxıb.