Böyükağa Hacıyev: Hər istəyin bir qədəri var
01.10.2012 - 16:59
Böyükağa Hacıyev: Hər istəyin bir qədəri var
“Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyevin apasport.az saytına müsahibəsi

- Komandanız Avropa Liqasının qrup mərhələsinin II turunda qarşılaşacağınız “İnter”lə oyuna necə hazırlaşır?
- Hər zaman necə hazırlaşırdıqsa, indi də elə. Biz heç bir komandaya qarşı xüsusi hazırlıq keçmirik. Sadəcə, məşqlərdə intensivliyi və sinxron çalışmaları bir qədər artırmışıq.

- Yəqin ki, rəqibi təhlil etmisiniz. Hansı nəticələrə gəlmisiniz?
- Bəli, rəqibi lazım olan qədər təhlil etmişik. Əlimdə “İnter”in iştirakı ilə keçirilmiş 5 oyunun diski var. Bu disklərdə Avropa Liqasının qrup matçı, eləcə də, İtaliya çempionatının oyunları yer alıb. 10 günə yaxındır onları təhlil edirik. Lazımi analizlər aparılıb, qeydlər götürülüb. Çatışmayan yeganə cəhət odur ki, rəqib baş məşqçi hər oyuna fərqli heyət buraxır. Deməli, əlinin altında “material” çoxdur.

- “İnter”ə qarşı hansı tədbirlə görməyi düşünürsüz?
- Rəqibdən qorxmuruq, çəkinmirik. Bu gün Azərbaycan çempionatında rəqiblərimizə qarşı necə mübarizə aparırıqsa, onlara qarşı da elə oynayacağıq. Qorxu hissi məndən uzaqdır. Bir qədər fərqli taktika ilə meydana çıxacağıq.

- Ölkəmizdə ilk dəfə Avropa Liqasının qrup oyunu keçiriləcək. Sözsüz ki, azarkeşlərin görüşə marağı böyükdür və artıq biletlərin çox hissəsinin satıldığı açıqlanıb. Baş məşqçi kimi, fanatların stadiondan hansı əhval-ruhiyyədə ayrılacağını söyləyə bilərsinizmi?
- Mən hər zaman meydana udmaq uçun çıxıram. Bunu həmişə demişəm. Heç vaxt uduzmaq haqda düşünmürəm. Düşünürəm ki, Allah bunu mənə qismət edəcək. Azarkeşlərə də hər zaman sevinc yaşatmaq istəyirəm.

- Topaz Premyer Liqasının VII turunda “İnter”lə qarşılaşmalı idiniz. Ancaq oyun təxirə salındı. Vacib sınaq öncəsi az oyun keçirməyiniz sizin üçün mənfi hal olmayacaq?
- Mən bunun əksini düşünürəm. “Neftçi” üç gündən bir oynayırdı. Zədəli futbolçularımızın sayı çox idi. Fasilə müddətində Bertuççi Bruno sıraya dönüb, Cavid İmamverdiyev də sıramıza dönmək üzrədir. O, artıq məşqdə iştirak edir. Əgər 15 gün oynamırsansa, razılaşıram, bu problem yarada bilər. Ancaq 8-9 gün oynamamaq oyun təcrübəsinə heç bir mənfi təsir göstərmir.

- “Sumqayıt”a məğlubiyyətdən sonra kapitan Rəşad Sadiqova zəif oynaması ilə bağlı xəbərdarlıq etmişdiniz. Hətta qarşılaşmanın ertəsi gün klubdaxili iclas da keçirildi. Bu xəbərdarlıqların təsiri məşqlərə görünürmü?
- Əlbəttə, onlar da bilirlər ki, sözü heç vaxt havaya atmıram. Heç vaxt futbolçunu kiminsə ayağına vermərəm. Ancaq rusların bir gözəl misalı var: hər istəyin bir qədəri var. Futbolçu oynamırsa, onu heç vaxt bağışlamıram. Onlardan artıq şey istəmirəm, məşqdə verdiyimi özümə qaytarsınlar.

- Bayaq “İnter”in hər oyuna fərqli heyətlə çıxdığını qabartdınız. Amma bu da faktdır ki, “Neftçi”nin ehtiyat oyunçular skamyası çox kasıbdır. Sonradan meydana daxil olub, oyunun axarını dəyişə biləcək futbolçunuz yoxdur. Həm Avropa Liqasında, həm də Premyer Liqada uğur qazanmaq üçün yeni transferlər gözlənilirmi?
- Mənim üçün elə də problem yaratmayacaq. Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandıqdan sonra yeni transfer olunacaq futbolçunun komandaya uyğunlaşması üçün vaxt lazım idi. Bunu məqsədyönlü saymadım. Biri var gələ 5-6 aydan sonra komandaya uyğunlaşa. Ancaq bizdə bu gün zəif futbolçu komandanı tutub və nə istədiyimi yaxşı bilir. Ona görə də hansısa problemin yaranacağını düşünmürəm.